Millət vəkili Çingiz Qənizadə ötən gün Beyləqanda polislə vətəndaşlar arasında baş verən insidentlə bağlı açıqlama verib. Modern.az-a danışan deputat mətbuatda yayılan xəbərləri təkzib edərək Beyləqanda hər hansı insidentin baş vermədiyini bildirib.
Beyləqanda seçicilərlə görüş keçirən millət vəkili Çingiz Qənizadə bu məlumatla əlaqədar Beyləqan rayon Polis şöbəsində və Prokurorluqda olub. Məlum olub ki, Beyləqan rayon Dövlət Yol Polis Şöbəsinin sərxoş sürücülərə qarşı apardığı reydlər zamanı Yeni Xocavənd kənd sakini Allahverdiyev Vidadi Xudaverdi oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı 19 BB 940 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Beyləqan rayon DYPŞ-nin baş YPX-nin inspektoru, polis mayoru Eyvazov Rövşən Dadaş oğlu tərəfindən saxlanılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 152-1.1 maddəsi ilə 300 manat məbləğində cərimə edilib.
Sürücü Allahverdiyev Vidadi Xudaverdi oğlu bu məlumatların mətbuata ötürülməsindən xəbərsiz olduğunu bildirib.
Modern.az