Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Mehriban xanım Əliyevaya və Leyla Əliyevaya gül dəstələri təqdim edilib.
Azərbaycanın birinci xanımı bağça binasının əsaslı yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu bağça 1976-cı ildən fəaliyyət göstərib və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ildə başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılıb.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada 2 yaşdan 6 yaşadək olan 120 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. İkimərtəbəli bağçada 6 qrup vardır.
Mehriban Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlanıb.
Məlumat verilib ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunmuş və yenidən qurulub. 289 nömrəli məktəbəqədər təhsil müəssisəsində yaradılmış şərait də uşaqlara ən yüksək səviyyədə təlim-tərbiyə keçməyə geniş imkan verir. Bağçanın ətrafı abadlaşdırılıb.
Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında da iştirak ediblər.
Mehriban Əliyevaya və Leyla Əliyevaya gül dəstələri təqdim edilib.
Mehriban Əliyeva 246 nömrəli körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, bağçanın əvvəlki binası 1985-ci ildə tikilib. Bina son illər yararsız vəziyyətə düşmüş və əsaslı təmirə ehtiyac yaranıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilib. Tikinti işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Nəticədə 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb.
Mehriban xanım Əliyevanın diqqətinə çatdırılıb ki, bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaqdır. On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılıb. Bu uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilib. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə edilib. Həyətyanı sahə abadlaşdırılıb, 4 min 500 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, oyun meydançaları və köşklər qurulub.
Sentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Mehriban Əliyeva körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva daha sonra poliklinikanın açılışında iştirak ediblər.
Mehriban xanım Əliyeva poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, bu il tikilən poliklinikanın inşası yüksək keyfiyyətlə və bütün normalar nəzərə alınaraq həyata keçirilib. Poliklinikanın ərazisində yaşıllıq salınmış, işıqlandırma sistemi quraşdırılıb.
Məlumat verilib ki, ikimərtəbəli binada 36 kabinet vardır. Poliklinika ən müasir tibbi avadanlıqla təchiz edilmiş, müasir standartlara uyğun olaraq rentgen, stomatoloq, ginekoloq, cərrah, USM, kardioloq, oftalmoloq kabinetləri qurulub.
Qeyd olunub ki, burada müasir standartlara uyğun laboratoriya da fəaliyyət göstərəcəkdir. Vurğulandı ki, poliklinikada yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycan səhiyyəsinin inkişafı dövlət qurumları ilə yanaşı, yarandığı gündən Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Fond ölkədə tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə səhiyyə müəssisələrinə təmir və yenidənqurma işlərinin aparılmasında dəstək verir. Yeni tikilən səhiyyə ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar isə ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Modern.az