Modern.az

Ermənistan Ali Sovetinin Qarabağla bağlı qərarı hələ də ləğv olunmayıb

Ermənistan Ali Sovetinin Qarabağla bağlı qərarı hələ də ləğv olunmayıb

26 Sentyabr 2013, 12:25

İyirminci yüzilliyin sonunda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi dünya tarixinə lokal xarakterli problem kimi yazılsa da, əslində Qarabağ məsələsi bütün parametrləri ilə beynəlxalq əhəmiyyət kəsb edib. Hətta vaxtilə bu problemi yaradan supergüclər - SSRİ, Fransa və ABŞ rəhbərliyi razılaşdırılmış şəkildə addımlar atdılar. Əks təqdirdə, Ermənistan SSR Ali Soveti sovet hökumətinin xəbəri və icazəsi olmadan 1988-ci ilin iyunun 14-də Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ilə bağlı necə qarar qəbul edə bilərdi?
İndi isə guya, Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Guya, ümumiyyətlə bu hadisələrin Ermənistana heç bir aidiyyəti yoxdur. Halbuki, ortada Ermənistan Ali Sovetinin qərarı var və indiki Ermənistan parlamenti ondan imtina etməyib və yaxud da o qərarı ləğv etməyib.

Ermənişünas alim Qafar Çaxmaqlı bu məsələ ilə bağlı bildirir ki, 80-ci illərin sonlarında Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın nəzarətindən çıxarmaq istəyən Moskvanın səyləri təkcə Arkadi Volskinin rəhbərlik etdiyi "idarəçilik"lə məhdudlaşmırdı:

“1989-cu ildə bu idarəçilik "öz işini" görüb qurtarandan sonra yeni bir üsul işə salındı. Respublika Təşkilat Komitəsi. Bu da 1989-un noyabrında oldu. Amma bu qurumun da gizli görəvi Dağlıq Qarabağı Azərbaycandan ayırmaq idi. Sovet İttifaqı çöküncə bu rus planı da yarımçıq qaldı və bundan sonra Rusiya Ermənistana intensiv hərbi yardımlar etdi ki, Qarabağ həm də onun nəzarətində qalsın, onun iradəsində kənar hadisələr baş verməsin.
Bizim xalq bilməlidir ki, əgər SSRİ dağılmasaydı belə, Qarabağı Ermənistana vermək barədə imperiya planı işə düşəcəkdi. Ermənilərin nə həddi idi ki, qərar çıxarıb Dağlıq Qarabağı Ermənistana birləşdirsinlər. O zaman Ermənistan Ali Sovetinin Qarabağı Ermənistana birləşdirməklə bağlı qərarı Moskva ilə razılaşdırılmışdı. Ancaq bu qərar da dağılmış SSRİ Ali Soveti ilə birlikdə tarixə gömüldü. Bu gün ondan tarix kimi bəhs etmək olar. Bu qərarın qanunsuzluğunu anlayan ermənilər, onların siyayətçiləri indi bundan heç bəhs etmirlər. Çünki o qərar onların zərərinə işləyir və separatçılıq, işğalçılıq faktını ortaya qoyar. Odur ki, ermənilər bilərəkdən Ermənistan SSR Ali Sovetinin həmin qərarını arxivə göndərdilər. Bundan sonra "Dağlıq Qarabağ Respublikası" adında separatçı qurum elan olundu. Bir sözlə, Qarabağı Ermənistana birləşdirmək ideyasının iflasa uğraması o zaman erməniləri taktiki dəyişikliyə sövq etdi. Qarabağ müstəqil Ermənistana "birləşdirilsəydi", dünya bunu heç qəbul etməzdi. Qondarma “DQR”in tanınması belə, Ermənistana dünyada təklənmək qorxusu yaradır. Erməni taktikası belədir: öncə "DQR" adlı qurum tanınsın, sonra onu Ermənistana birləşdirmək asandır. Onsuz da bu ərazilər 20 ildən artıqdır ki, Ermənistan Respublikasına birləşmiş vəziyyətdədir...”.

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?