Azad edilən ərazilərimizdə ilk dəfə seçkilər keçiriləcək. Fevralın 7-nə təyin edilən seçkilər üçün azad edilən rayonlarda 26 seçki məntəqəsi yaradılıb.
Modern.az-ın məlumatına görə, yaradılan məntəqələr azad edilən, demək olar ki, bütün rayonları əhatə edir.
Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi rayon və şəhərlərində ümumilikdə 22 minə yaxın seçici qeydə alınıb. Məlumata görə, bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.
Qarabağ və Şərqi Zəngəzurda yerləşən seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb.
Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadənin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri üçün yüksək səviyyədə binalar ayrılıb.
“Hər bir seçki məntəqəsi lazımi kommunikasiya ilə təmin olunub. Seçki məntəqələrinin yerləşdiyi otaqların təchizatı başa çatdırılıb. Məntəqələrə elektrik enerjisinin fasiləsiz verilməsi nəzarət altındadır. Mərkəzi Seçki Komissiyası olaraq, biz də seçki məntəqələrini lazımi təchizatla təmin etmişik. Seçki məntəqələri seçki günü istifadə olunacaq ultrabənövşəyi lampalar, səsvermə kabinələri, şəffaf seçki qutuları, seçici siyahıları və digər sair ilə təchiz olunub”, - o deyir.
Qeyd edək ki, prezidentliyə namizədlər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər. Laçın, Şuşa, Zəngilan və Qubadlı rayonları üzrə namizədlər üçün ayrılmış seçkiqabağı təşviqat üçün daimi görüş yerləri ayrılıb. Məsələn namizədlər, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında və akt zalında, Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Ağalı kəndində təşviqat apara bilərlər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bu ərazilərdə hər kəs səs verə bilər. Bunun üçün səsvermə hüququ olan şəxs qeydiyyatda olduğu məntəqə seçki komissiyasına (MnSK) müraciət edərək qeydiyyatdançıxma vəsiqəsi almalıdır.