Modern.az

İctimai Şura vətəndaşla qurum arasında körpü rolu oynayır -  Günel Səfərova

İctimai Şura vətəndaşla qurum arasında körpü rolu oynayır -  Günel Səfərova

17 Yanvar 2024, 16:18

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbindən irəli gələrək mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi məqsədi ilə İctimai Şuralar yaradıldı. Bu təşəbbüsə əsasən vətəndaş cəmiyyəti institutları İctimai Şuralarda təmsil olunaraq qanundan irəli gələn hüquq və vəzifələri icra edirlər. Bu yaxınlarda da Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə formalaşması üçün seçkilər elan edilib. Bəs, İctimai Şura qurumun fəaliyyətinə  hansı dəstəyi göstərir, rolu nədən ibarətdir?

 

Modern.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın hazırkı sədri Günel Səfərovaya sual  ünvanlayıb.

 

Şuranın fəaliyyəti barədə məlumat verən Günel Səfərova bildirib ki, əvvəlki Şura tərkibinin müsbət fəaliyyəti nəticəsində cəmiyyətin yeni tərkibdən gözləntiləri daha çox idi. İki il ərzində təhsil sahəsində kifayət qədər aktiv fəaliyyət həyata keçirildi. Son iki ildə 7 böyük, 10-dan çox kiçik və tematik müzakirə, məktəblərə onlarla səfər, regional görüşlərin təşkili, yüzlərlə fərdi şikayətlərin cavablandırılması, vətəndaşların məlumatlandırma sessiyalarının keçirilməsi və s. tipli işlər görülüb.

 

Sədr qeyd edib ki, İctimai Şura vətəndaşla qurum arasında körpü rolu oynamaqla yanaşı eyni zamanda idarəçilikdə vətəndaşların iştirakının təmin edilməsi formasının bir növüdür. Məhz bunu nəzərə alaraq Məktəb, Ailə və İcma birlikləri konsepsiyası hazırlandı, Uşaqların Davranış Qaydaları təhsilin ayrı-ayrı seqmentləri ilə müzakirə olundu, dərsliklərin müəllifləri ilə ictimai müzakirə təşkil edildi, KİV-lərlə təhsil mövzusunda məlumatların əks edilməsi standartları ilə bağlı “dəyirmi masa” təşkil edildi, məktəblərdə uşaq müdafiəsinin təşkili ilə bağlı həm ictimai müzakirə, həm də konkret hadisələr üzrə tədbirlər görüldü.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın əsas fəaliyyət istiqamətlərindən biri də təhsil sahəsində yeniliklər və yeni layihələr haqqında cəmiyyəti maarifləndirmək oldu. Burada əsasən, TV-lərdə verilişlərdə iştirak, internet resurslarında açıqlamaların verilməsi və s. işlər nəzərdə tutulur.

 

Bu müddət ərzində vətəndaş müraciətlərinin sayı kifayət qədər çox olub və İctimai Şura olaraq bu müraciətlərin hər biri haqqında müvafiq addımlar atılıb. Xüsusilə qeyd etmək istərdim ki, nazirliyin vətəndaşlarla iş sistemi olduqca çevik və operativdir. Lakin bəzən məlumatın az olması səbəbi ilə İctimai Şuraya müraciətlər olurdu və bu məsələlərin hər biri hüquqa uyğun olaraq həll edilirdi.

 

Ümumiyyətlə, iki illik fəaliyyəti qiymətləndirsək İctimai Şuranın fəaliyyəti kifayət qədər qənaətbəxş sayıla bilər. Cəmiyyətin ayrı-ayrı seqmentlərindən İctimai Şuranın fəaliyyəti yüksək qiymətləndirilib. Bunun əsas səbəblərindən biri nazirliklə doğru koordinasiyanın qurulması və eyni zamanda ictimai iştirakçılığın təmin edilməsində siyasi iradənin mövcud olmasıdır.

 

Günel Səfərova sonda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkiblə də əvvəlki müsbət ənənələri davam etdirməklə yanaşı daha faydalı və daha aktiv fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu [email protected] poçt ünvanına göndərilməklə aparılır. Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!