Modern.az

Hafiz Hacıyevin “ailə sirləri” - FOTOLAR

Hafiz Hacıyevin “ailə sirləri” - FOTOLAR

27 Sentyabr 2013, 09:57


Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır. 

Modern.az saytı prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandırnağa çalışır.

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd şəxslərdən biri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

Hafiz Hacıyev 1956-cı il aprelin 16-da Ermənistanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1962-ci ildə Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsinə daxil olub, 1979-cu ildə həmin ali məktəbi bitirib.
1998-ci ildən biologiya elmləri namizədidir. 2001-ci ildə Müasir Müsavat Partiyasınının təsis qurultayında partiyanın sədri seçilib.

Ailəlidir, 3 övladı var. Övladları ali təhsillidirlər.

Həyat yoldaşı Aytəkin Hacıyeva riyaziyyat müəlliməsidir, Binəqədi rayonunda yerləşən orta məktəbə dərs deyir.

Hafiz Hacıyevin böyük qızı Afaq Hacıyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, hazırda Dövlət Gömrük Komitəsində işləyir. Afaq xanım ailəlidir, bir oğlu var.

Ailənin kiçik qızı Samirə Hacıyeva Xarici Dillər Universitetini bitirib. O, hazırda Fövqəladə Hallar Nazirliyində çalışır. Atası onun ingilis dilini yaxşı bildiyini deyib.

Hafiz Hacıyevin oğlu Rauf Hacıyev 610 balla İqtisad Universitetinin Əmtəəşunaslıq fakültəsinə daxil olub və oranı bitirib. Rauf Hacıyev əsgərlikdən təzə qayıdıb. O, Naxçıvan Muxtar Respublikasında bir il hərbi xidmətdə olub, hələlik işləmir.

H.Hacıyevin sözlərinə görə, övladlarının ixtisas seçiminə müdaxilə etməyib. “Bizdə ailədə demokratik mühit hökm sürür. Onların seçimlərinə müdaxilə etməmişəm. Hara istəyiblər, ora da qəbul olunublar, öz bilikləri ilə də ali məktəbi bitiriblər” deyə H.Hacıyev Modern.az-a əvvəlki müsahibələrinin birində bildirmişdi.

H.Hacıyev övladlarından çox razı olduğunu vurğulayıb: “Mən çox sevinirəm ki, övladlarımın davranışlarında qadağı qoyulası elə bir hal olmayıb ki, onlara nəyisə qadağa qoyum. İstər indi, istərsə də universitetdə oxuyanda ağılla-başla hərəkət ediblər, necə deyərlər həmişə başımı uca ediblər.
Mənim uşaqlarım həmişə çox ağıllı, düşüncəli olublar. Bu gün də dövlətimizin müəyyən qurumlarında işləyirlər, millətimizə xidmətdən ötəri əllərindən gələni edirlər. Onlar nəsə səhv işlər görmürlər ki, fəaliyyətlərinə də müdaxilə edəm”.
H.Hacıyev deyib ki, övladlarına həmişə müstəqillik verməyə çalışıb, onlar isə sərbəstlikdən ağılla istifadə ediblər. “Görsəm ki, hər halda yollarını azıblar, yanlış yoldadırlar, əlbəttə ki, o zaman müdaxilə edə bilərik. Amma mənim müdaxiləmə gərək olmayıb”.

Prezidentliyə namizəd onu da deyib ki, övladlarının işinə görə kiməsə bir dəfə də olsun müraciət etməyib: “Onlar yüksək səviyyədə təhsil alıblar. Heç bir müəllimə ağız açmamışam ki, onlara qiymət yazsın, kömək etsin”.

H.Hacıyev deyib ki, boş vaxtı az olduğundan övladlarına yetərincə zaman ayıra bilmir. O, övladlarının siyasətdə olmasını istəmir: “Mən arzu etməmişəm övladlarım siyasətdə olsun və mənim yolumu davam etdirsinlər. Arzu etmək də istəmirəm. Bu ağır yoldur. Mən uzun müddətdir Müasir Müsavat Partiyasının sədriyəm, bu müddətdə çox böyük əziyyətlərə, məhrumiyyətlərə düçar olmuşam. İstəməzdim ki, mənim çəkdiyim əziyyətlərə, mənə olan qadağalara, məhrumiyyətlərə övladlarım da düçar olsun. İstəmirəm həyatda əzab-əziyyətlə yaşasınlar. Mən onlara bircə tövsiyə edərdim ki, siyasətdən uzaq olsunlar. Onlar da mənim əziyyətlərimi görürlər. Görürlər ki, millətim üçün öz həyatımı riskə qoyuram. Bəzən onların da bəlkə də mənə yazıqları gəlir ki, ataları niyə bu qədər bu siyasətə baş qoşub əziyyət çəkir. Ağır işdir. Ona görə də düşünürlər ki, onlar öz peşə yollarını davam etdirsələr, daha yaxşı olar”.









Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var