Azərbaycan dövlətinə xəyanət etdiyinə görə ölkədən qovulmuş sabiq hərbçi Ələkrəm Hümbətov sentyabrın 26-da Xankəndi Universitetində görüş keçirib.
“Media forum”un məlumatına görə, Ələkrəm Hümbətov Qarabağ müharibəsində iştirak etdiyini xatırladaraq deyib: “Kişi kimi döyüşdüyüm kimi kişi kimi də barış əli uzadıram. Bəli, Dağlıq Qarabağa qarşı döyüşmüşəm, amma bu gün müharibəyə nifrət edirəm, onun təkrarlanmasını istəmirəm. Mən hansı ixtiyarla cavan uşaqları döyüş meydanına göndərmişəm? Bu sual mənə rahatlıq vermir”.
Ələkrəm Hümbətov əlavə edib ki, Qarabağda olmağı ona çox xoşdur: “Mehriban qarşılanmağım məni çox həyəcanlandırıb. İnanıram ki, bu, son səfərim deyil”.
Hazırda Hollandiyada yaşayan Ələkrəm Hümbətov 1992-1993-cü illərdə Azərbaycanda müdafiə nazirinin müavini postunu tutub.
Modern.az