Modern.az

Gələn ildən buraxılış imtahanlarına dəyişiklik ediləcək

Gələn ildən buraxılış imtahanlarına dəyişiklik ediləcək

27 Sentyabr 2013, 12:43

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri 2014-2015-ci il tədris ili üçün qəbul və buraxılış imtahanlarında aparılacaq dəyişiklər barəsində məlumat verib.

Modern.az xəbər verir ki, Məleykə Abbaszadənin sözlərinə görə, əvvəlki illərin məzunları gələn ilin aprel ayında imtahan verəcəklər. Buna səbəb qəbul imtahanlarında daha çox abituriyentin iştirak etməsidir.

“Amma müsabiqədə onlar cari ilin məzunları ilə birlikdə iştirak edəcəklər. Beləliklə imtahan prosesini daha çevik keçirə biləcəyik. Rezidentura imtahanlarında da dəyişikliklər ediləcək. Belə ki, rezidenturanın birinci mərhələsi magistraturada olduğu kimi mart ayında keçiriləcək. Fevral ayından rezidenturanın birinci mərhələsi üçün qəbul aparılacaq və imtahan martda keçiriləcək. İkinci mərhələnin imtahanı isə yayda keçiriləcək. Hələlik tarixlər barədə bir söz deyə bilməyəcəyəm, çünki cədvəl hələ məlum deyil"- M. Abbaszadə bildirib.

"TQDK tərəfindən artıq iki ildir orta məktəblərdə buraxılış imtahanları keçirilir. 2014-cü ildə 11-ci siniflər üzrə keçiriləcək buraxılış imtahanlarında artıq o insanlar gələcək ki, biz onların 9-cu sinif nəticələrindən məlumatlı olacağıq. Bununla onların iki il ərzində hansı nəticələr əldə etdiyini biləcəyik. Bununla onların əldə etdiyi nəticələrin hansının məktəbin hesabına, hansının repetitor hesabına əldə etdiyini öyrənə biləcəyik”.

TQDK sədri eyni zamanda 2015-ci il buraxılış imtahanlarında fənn sayının artılacağını bildirib. “Bu fənləri əvvəlcədən elan edəcəyik. Şagirdlər öz istəyi ilə əlavə 2 fənn seçib imtahan verəcəklər. Buraxılış imtahanlarında fənn sayını çoxaltmaq niyyətindədiyik. Fənləri əvvəlcədən elan edirik. Azərbayan tarixi, coğrafiya, biologiya, kimya və ola bilsin ki, xarici dildən də imtahan verəcəklər. Buraxılış imtahanlarında fənlərin çoxaldılması ilə bağlı qərar hüququ müstəvidə qəbul olunub".

TQDK sədri bildirib ki, 2015-ci ildə qəbul qaydalarında da dəyişiklik aparılacaq. Bu qəbul qaydaları Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata götürələndən sonra ictimaiyyətə məlumat veriləcək. 2014-cü ildə isə yenilik orta ixtisas təhsili müəssisələrinə qəbulda olacaq. 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərin məzunları imtahan verəcəklər. Amma 2014-ci ilin məzunları buraxılış imtahanlarının nəticələri ilə orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?