Son 20 ildə yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC böyük inkişaf yolu keçib. Bu illər ərzində qurum genişçeşidli xidmətlər göstərməyə başlayıb.Hazırda respublika ərazisində 1000-dən çox poçt şöbəsi və 4500-dən çox əməkdaşla vətəndaşlara xidmət göstərilir.
Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbərinə görə, bu illər ərzində yerli poçt markamız ötən dövr ərzində yalnız ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda fəaliyyətini genişləndirib.
2003-2023-cü illər ərzində ölkə üzrə maddi-texniki baza gücləndirilib, poçt şöbələri və filiallar əsaslı təmir edilib və ya binaları yenidən tikilib. Bu illərdə 887 yeni poçt şöbəsi binası tikilib, 126 poçt şöbəsi binası əsaslı təmir edilib, 11 poçt filialı üçün isə yeni bina tikilib. Əlavə olaraq 367 yeni avtomobil alınaraq istifadəyə verilib.
Eyni zamanda 2003-2023-cü illər ərzində 73 yeni ATM quraşdırılıb, 1236 poçt şöbəsi isə mərkəzi şəbəkəyə qoşulub.
Təkcə son 3 ildə qurumun aktivləri 5 dəfəyə yaxın artaraq 774 milyon manata çatıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə 2020-ci ilə nisbətdə 10 dəfə artıb. 2020-ci ildə 7.7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4.6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub.