1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakıda törədilən qırğınlardan 34 il keçir. Hər il 20 yanvar tarixində vətəndaşlar, dövlət qurumlarının əməkdaşları, xarici ölkələrin diplomatları Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərin ruhu yad olunur.
Şəhidlər Xiyabanında yerləşən Əbədi Məşəl abidəsi isə 20 Yanvar faciəsində və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ucaldılıb.
Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə parlamentdə bu barədə qərar qəbul edilir. O, bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir, memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur.
Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməli idi.
Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. "Həmin tapşırıqdan 2 saat sonra bizim hazırlayacağımız abidənin eskizi hazır idi. Keçirilən müsabiqədə mənim rəhbərlik etdiyim layihə seçilir. Mən, Akif Abdullayev və Nazim Vəliyev Ulu öndərin ideyası əsasında hazırlanan layihəni 9 gün ərzində bitirərək Heydər Əliyevə təqdim etdim", - hazırda Azərbaycan Memarlar İttifaqının sədri olan Elbay Qasımzadə belə xatırlayır.
Heydər Əliyev 5 avqust 1998-ci ildə Şəhidlər Xiyabanında Əbədi məşəl abidə kompleksi ucaldılması barədə sərəncam imzalayır. Qərarda Bakı Şəhər İcra Hakimiyyətinə kompleksinin tikintisini təmin edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti isə kompleksin tikintisinə 2 mlrd. manat məbləğində vəsaitin ayrılması barədə təklif verməsi tapşırılır.
Kompleksin açılışı 10 oktyabr 1998-ci il tarixində olub. Həmin vaxt "Xalq qəzeti"ndə dərc edilən məqalədə bildirilir ki, paytaxtın ən yüksək zirvəsində yerləşən, hündürlüyü 22 metr olan bu möhtəşəm abidə Prezident Heydər Əliyevin xüsusi qərarı, diqqət və qayğısı ilə 3 ay ərzində Bakı şəhər icra hakimiyyətinin tikinti departamentinin inşaatçıları tərəfindən tikilib başa çatdırılıb.
Açılış mərasimində Heydər Əliyev, Bakı şəhər icra hakimiyyətinin həmin dövrdə başçısı olan Rəfael Allahverdiyev, dövlət rəsmiləri, deputatlar, xarici diplomatlar, şəhid ailələri və digər vətəndaşlar iştirak edib.
Abidə səkkizguşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən, tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir. Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi Məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilib. Bu gün Şəhidlər Xiyabanı xalqımızın and yeri, inam yeri olubdur və ən mötəbər ziyarətgahdır. İnsanlar əllərində gül ilə gedib məzarları ziyarət edib, "Əbədi məşəl"in qarşısında baş əyirlər.
Modern Təhlil və Araşdırma Qrupu