Sentyabrın 27-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Sumqayıt şəhərində birdəfəlik ünvanlı sosial yardım - «Özünədəstək» pilot proqramına cəlb olunmuş ailələrlə görüşüb və onların yardımçı təsərrüfatlarının mövcud vəziyyətinə baxış olub. Baxış zamanı həmin ailələrin verilmiş birdəfəlik ünvanlı sosial yardımdan səmərəli istifadə etdiyi və onların şəxsi təsərrüfatlarında müsbət dəyişikliklərin, habelə gəlirlərində artım olduğu, proqramı uğurla başa vurduqları müşahidə edilib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, proqramın əhatə etdiyi ailələrlə görüşdə nazir Fizuli Ələkbərov ölkəmizdə yoxsulluğun tam aradan qaldırılmasının prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, icra olunan sosial reabilitasiya proqramları da nəticə etibarilə yoxsulluğun aradan qaldırılmasına xidmət edən bir tədbirdir. Özlərindən asılı olmayaraq yoxsulluq şəraitində yaşayan, lakin sosial reabilitasiya olunmaq üçün müvafiq potensialı olan hər bir ailənin «Özünədəstək» proqramına cəlb olunması nəzərdə tutulur. Tədbirdə qeyd olunub ki, Sumqayıt şəhərində seçilmiş 15 ailədən 7 ailə əmtəə və xidmətlərin istehsalı üzrə, 8 ailə isə şəxsi-yardımçı təsərrüfatın inkişafı üzrə proqrama cəlb edilib. Keçirilmiş monitorinqin nəticələrinə əsasən reabilitasiya dövründə seçilmiş 15 ailənin əvvəlki dövrə təyin olunmuş ÜSY-nın məbləği ilə müqayisədə gəlirlərində artım müşahidə olunub və onların 93 %-i proqramı uğurla başa vurub. Aztəminatlı ailələri təmsil edən şəxslər bu kimi aktiv sosial müdafiə tədbirlərinin işə salınmasını möhtərəm ölkə rəhbərinin aztəminatlı ailələrə diqqət və qayğısının daha bir real nümunəsi kimi dəyərləndirərək, bu proqramın səmərəli və məqsədyönlü olduğunu bildiriblər. Qeyd edək ki, birdəfəlik ünvanlı dövlət sosial yardımı – “Özünədəstək” proqramı ünvanlı dövlət sosial yardımı almaq hüququ olan aztəminatlı ailələrin mövcud potensialları müqabilində səmərəli əmək fəaliyyətlərinə, beləliklə, onların sosial reabilitasiyasına şərait yaradılması üçün mütərəqqi beynəlxalq təcrübə əsasında hazırlanıb.