Modern.az

Kəndlərə qaz verilir - FOTOLAR

Kəndlərə qaz verilir - FOTOLAR

27 Sentyabr 2013, 22:01

Sentyabrın 27-də Füzuli, Yevlax və Zərdab rayonlarının 4 yaşayış məntəqəsinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Yevlax rayonunun Marzılı və Hacıselli kəndlərinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22,8 kilometr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və 13,4 kilometr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilib, 284 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zərdab rayonunun Dəkkəoba kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə qeyd edilib ki, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 27,6 kilometr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 288 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüququ mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi, ictimaiyyət nümayəndələri, qəsəbə ağsaqqalları iştirak ediblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verib, sakinləri təbii qazın verilməsi münasibəti ilə təbrik edib. 504 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 20 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 504 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra rəmzi məşəl yandırılıb və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?