Modern.az

Parlamentdə ictimai dinləmələr niyə keçirilir? - ARAŞDIRMA

Parlamentdə ictimai dinləmələr niyə keçirilir? - ARAŞDIRMA

Parlament

22 Yanvar 2024, 17:10

Son dövrlər Azərbaycan parlamentində bir neçə mövzuda ictimai dinləmələr keçirilib. Bu praktika Milli Məclis üçün yeni olmasa da, ötən ilin payız sessiyasında ictimai dinləmələr intensivləşib.

 

İctimai dinləmələr müxtəlif mövzularla bağlı məlumat, ekspert rəyi, dəqiqləşdirmə, müəyyən qərarlar əldə etmək, qanunların icrasına nəzarət etmək, habelə bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə parlament komitələrinin sərəncamında olan prosedurlardan biridir. Digər tərəfdən icra hakimiyyətinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün vacib olan prosedurlardan biri hesab edilir. Buna görə də ictimai dinləmələr qanunvericilik və ya nəzarət xarakteri daşıya bilər.

 

Praktikada ictimai dinləmər səlahiyyətli komitənin təşkil etdiyi, icra hakimiyyətinin, müstəqil dövlət orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirak etdiyi iclaslardır.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin payız sessiyasında 15 dinləmə keçirilib. İki dinləmə Ulu Öndər Heydər Əliyevin dövlətimizin gənclər siyasətinin formalaşmasına, eləcə də demokratiyanın, özünüidarənin və regionların inkişafına verdiyi töhfələrə, iki dinləmə qanun layihələrinə, beş dinləmə Qərbi azərbaycanlıların tarixi və mədəni irsi, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri ilə bağlı məsələlərə, altı dinləmə isə Azərbaycan cəmiyyətini düşündürən digər məsələlərə həsr edilib.

 

Tarixə nəzər salsaq, ictimai dinləmələr prosesi ilk olaraq Britaniya Parlamenti və ABŞ Konqresi kimi qanunverici orqanlarda rast gəlinib. Sonrakı nümunələr Skandinaviya ölkələrinin bir sıra parlamentlərində olub.

 

Bəs parlamentdə ictimai dinləmələr necə təşkil olunur?

 

İctimai dinləmənin təşkili ilə bağlı təklif və dəvət ediləcək şəxslərin siyahısı komitənin istənilən üzvü tərəfindən verilə bilər. Daha sonra ictimai dinləmənin təşkili barədə qərarı komitə sədri Milli Məclisin sədrinə təqdim edir. Növbəti mərhələdə komitə ictimai dinləmənin keçirilməsi ilə bağlı qərarı qəbul edir.

 

İctimai dinləmələrdə kimlər iştirak edə bilər?

 

Bu prosesdə mövzu ilə bağlı maraqlı tərəflər, yəni mövzunun aid olduğu hökumət rəsmiləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri prosesə cəlb edilə bilər. İctimai dinləmələrə dəvət olunan şəxslərə ilk növbədə hökumətin, nazirliklərin, xüsusi təşkilat və qurumların, vətəndaş birliklərinin, ali məktəblərin nümayəndələri, peşəkar ictimaiyyət və müstəqil ekspertlər daxildir. Dəvət olunmuş şəxslər və açıq dinləmədə iştirak edən maraqlı tərəflər vacib hesab etdikləri açıq dinləmənin mövzusu ilə bağlı yazılı məlumat təqdim edə bilərlər. İctimai dinləmələr komitə üzvlərinin sayından asılı olmayaraq keçirilir.

 

Komitənin sədri ictimai dinləmələr başa çatdıqdan sonra onun haqqında məlumatı Milli Məclisin sədrinə, komitə üzvlərinə və ictimai dinləmə iştirakçılarına təqdim edir. Məlumatda ictimai dinləmədə iştirak edənlərin adları, ictimai dinləmələrdə təqdim olunan bəyanatların, mövqelərin və təkliflərin qısa icmalı olur.

 

Bu prosedurların əsas məqsədi qanunların qəbulunda demokratik səviyyəsinin yüksəldilməsi, Milli Məclisin nəzarət funksiyasının daha dolğun həyata keçirilməsinə nail olunması və nəhayət, Milli Məclisin işində şəffaflığın artırılmasıdır.

 

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bir neçə məsələ ilə bağlı dinləmə keçirilməsi təklif edilib. Deputat Ceyhun Bayramov təhsildə baş verən dəyişikliklərin və yeni tendensiyaların müzakirəsi üçün dinləmənin keçirilməsinə ehtiyac olduğunu bildirib. Komitə sədri Bəxtiyar Əliyev isə deyib ki, təhsilin problemləri ilə bağlı dinləmə ilə yanaşı elmlə bağlı məsələləri də müzakirə edəcəyimiz dinləmə keçirmək lazımdır.

 

Kamilə Əliyeva isə orta məktəbdə şagirdlər arasında ölüm sayının artmasından narahatlıq ifadə edib və bununla bağlı dinləmə keçirilməsini təklif edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI