Bu il ali məktəblərə keçirilmiş qəbul imtahanlarına qatılan ən gənc abituriyentin 15 yaşı vardı və həmin şəxs artıq tələbə adını qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az saytına verilən məlumata görə, 15 yaşı olan tələbə İsmayıl Aslan oğlu İsmayılov 1998-ci il təvəllüdlüdür. Qəbul imtahanlarında 461 bal toplayaraq Qafqaz Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsinə daxil olub. Ödənişli əsaslarla oxuyur.
İsmayıl İsmayılov Modern.az-a açıqlamasında deyib ki, o da hər kəs kimi 6 yaşında orta məktəbə qəbul olunub. Amma yaşıdları kimi 1-ci sinfə deyil. Qoy bunu özü izah etsin:
“Anam ali təhsillidir. Hələ uşaq yaşlarından oxumağa həvəsli olduğum üçün 1 və 2-ci sinifin proqramını anamın vasitəsilə evdə öyrənmişdim. Bunları yenidən məktəbdə keçmək mənə maraqsız olacağı üçün Təhsil Nazirliyində imtahan verdim və birbaşa 3-cü sinifə qəbul olundum. İlk iki ili Bakıdakı 18 nömrəli pilot məktəbində oxumuşam. 5-ci sinifdən isə Həbib Mahmudbəyov adına 2 nömrəli liseyə getdim. Bütün qiymətlərim “5” olub. Sadəcə 10 və 11-ci siniflərdə “Araz” kurslarında hazırlaşdığım üçün dərslərə vaxt ayıra bilmirdim və attestatımda “4” qiyməti də oldu”.
İsmayıl məktəbdə uşaqlardan ən balaca olduğu üçün heç vaxt çətinlik çəkmədiyini deyir.
“Heç vaxt çətinlik çəkməmişəm. Oxumağı sevən olduğum üçün dərslər məni çəkirdi, elə indi də həvəslə oxumağa davam edirəm”.
İsmayılın sözlərinə görə, orta məktəbdən fərqli olaraq universitetdə hələlik onun ən gənc tələbə olduğunu bilmirlər.
“Hələlik bu haqda heç kim bilmir. Deyim ki, xarici görünşcə də yaşıdlarımdan fərqlənmirəm və hətta deyərəm ki, 17-18 yaşlılardan daha uzunboyam”.
Aytən ƏLİYEVA