Modern.az saytı “Yeni Bakının köhnə heykəlləri” adlı layihəsində üçüncü yazını təqdim edir. Əsasən Bakıda uzun illər öncə ucaldılan heykəllərə həsr olunmuş bu layihədə abidələrin tarixi, hazırlanma prosesi onların taleyi ilə bağlı maraqlı məlumatlar açıqlanır. Üçüncü yazı paytaxtın mərkəzi nöqtəsində, Azneft meydanında ucaldılan, ilk heykəl-fəvvarə “Əjdahanı öldürən Bəhram Gur” abidəsidir.
Heykəl 1958-ci ildə, gənc heykəltəraşlar Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov tərəfindən hazırlanıb.
Şüuraltına tətbiq edilən estetika və təhrif olunmuş məna
Heykəlin maraqlı tarixcəsi var. Amma çox təəssüf ki, daşıdığı məna Nizaminin “Yeddi gözəl” poemasındakı fəlsəfi dərinliyi tam olaraq özündə əks etdirmir. Belə ki, suyun içində quraşdırılan heykəl daha çox mübarizliyi, şərin üzərində qələbəni təmsil etməklə real zəmin daşıyır. Amma “Yeddi gözəl”də Sasani şahı Bəhramın əjdahanı öldürməsi sırf simvolik anlamdadır. Belə ki, bu əjdaha nağıllarda, fantastik filmlərdə seyr etdiyimiz və yeddi başından alov çıxaran məfhum deyil. Bu əjdaha Bəhramın daxilindəki təkəbbürlük, kin-küdurət, heyvani hislərdi ki, Bəhram şah əsər boyu onu yenməklə məşğul olur. Ümumiyyətlə, “Yeddi gözəl”in yeganə insan qəhrəmanı elə Bəhram şahın özüdür. Digərləri isə yəni, yeddi gözəl qız sırf rəmzi məna daşımaqla mənəvi inkişaf mexanizmini izah edir. Yəni, Bəhram şah hər gün birinə qulaq asmaqla, nağıl eşitməklə yeni bir inkişaf mərhələsinə qədəm qoyur.
Qədim Şərq fəlsəfəsində də insanın yeddi inkişaf təbəqəsindən ibarət olduğu vurğulanır. Amma heyf ki, şəhərin mərkəzində qoyulan və Bakının ilk fəvvarəli heykəli sayılan “Bəhram Gur” o qədər də dərin məna qatına malik deyil. Yəni o əjdahanı məğlub edən hər hansı bir nağıl qəhrəmanından seçilmir.
Estetik görüm nöqtəsinə, əlverişli mövqeyə malik heykəl diqqətə sirayət etmə bacarığı ilə göz oxşayır. O insana psixoloji baxımdan yoruculuq gətirmir. Əksinə, şüuraltına estetika ilə mübarizliyin sintezi olan enerji ötürə bilir. Odur ki, yuxarıda dediyimiz məqamları çıxmaq şərtilə yerdə qalan elementlər göz oxşayır.
Əsərin müəllifləri olan üç heykəltəraş bu tipli bədii həll forması ilə kifayətlənməyə məcbur idilər. Çünki 1950-ci illərdən başlayaraq Bakıda şəhərsalma, sənaye inkişaf etməyə başladı və hər bir sahəyə müəyyən prioritet tapşırıqlar verildi. Heykəltəraşlıqda da əmək, idman, gənclik kimi sahələrə xüsusi diqqət yetirilməli idi. Heykəltəraşlar məhz, buna riayət ediblər.
Heykəlin yaranma tarixçəsi... Kurs işindən şəhər meydanına...
1950-ci illər abadlaşma dövrü kimi yadda qaldı. O vaxt mer funksiyasını yerinə yetirən, yəni Bakı şəhəri İcraiyyə Komitəsinin sədri olan görkəmli memar Əliş Ləmbəranski tikinti işlərində çox fəal idi. O cümlədən onun dövründə heykəltəraşlıq da özünün yeni mərhələsinə qədəm qoymaqda idi. Amma o zaman Bakıda cəmi 6-7 heykəltəraş var idi. Odur ki, yeni gənc heykəltəraş nəslinin ərsəyə gəlməsinə yaxşı fürsət yaranmışdı.
Üç rəssam - Qormaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov bu sahədə gərgin işlərə başlayır. Çox keçmir ki, Akademik Milli Teatrın daxili tərtibatında istifadə olunacaq məşhur aktyor və rejissorların barelyeflərinin icrasını da onlara həvalə edirlər. Amma bu trionun birgə şah əsəri sözsüz ki, Azneft meydanında yerləşən “Əjdahanı öldürən Bəhram Gur” heykəlidir. Heykəlin ilkin variantı Albert Mustafayevin Sankt-Peterburqda Rəssamlıq Akademiyasının II kursunda oxuyarkən hazırladığı kurs işi olub. Amma heykəlin əsas müəllifi Qormaz Sücəddinovdur. Çünki o gənc olsa da, digər iki rəssama baxanda daha təcrübəli idi. Qorxmaz Tiflisdə Rəssamlıq Akademiyasını bitirib Bakıya gələn gənc kadr, o biri iki rəssam isə hələ tələbə idilər. Əliş Ləmbəranski o zaman şəhəri gözəlləşdirməkdən ötrü rəssam və heykəltəraşlardan layihələr və yeni təkliflər gözləyirdi. Albertin kurs işi olan əsərin maketini düzəldərək Ləmbəranskiyə təqdim ediblər
Ləmbəranski işi çox bəyənir heykəlin rayona göndərilməsinə qarşı çıxır və təyinatı ilə Bakının Azneft meydanında Funikulyorun yanında ucalmasına qərar verir. Tuncdan hazırlanan və ünvanı birbaşa Ləmbəranski tərəfindən seçilən heykəlin hündürlüyü 3,5 metrdir. Ətrafında isə 20 metr diametrində dairəvi hovuz quraşdırılıb. Estetik sənət əsəri olan ilk heykəl fəvvarənin memarı Vladimir Şulqindir. 1960-cı ildə heykəlin acılışı olur.
2007-ci il... Heykəl yerindən niyə götürüldü?
Heykəl şəhərin mərkəzi nöqtəsində yerləşdiyindən onun təmirinə əsalı ehtiyac hiss olunurdu. Çünki digərlərindən fərqli olaraq bu sənət əsəri suyun içərisində yerləşirdi və erroziya problemləri ilə üzləşməkdə idi. Səhvimiz var, çünki artıq bu problemlə üzləşmişdi. Prezident İlham Əliyev 2007-ci ildə “Bəhram Gur” heykəli və ətrafda yerləşən obyektlərin əsaslı təmiri üçün sərəncam imzalayır. Beləliklə, 2007-ci il sentyabrın 14-də heykəlin ətrafı qazılır və o yerindən götürülərək Rəssamlıq İttifaqının Bədii Fondunun tunc sexində təmir olunur. Bu zaman paytaxt sakinləri çox narahat olurlar. Əksəriyyət heykəlin ümumiyyətlə götürüldüyünü və yaxud yerinin dəyişdiyini zənn edir. Media da bu barədə yazırdı. Heykəlin əsas müəllifi mərhum Qorxmaz Sücəddinov bu məsələdən əvvəlcə çox narazı qalır. Əlbəttə, hamı kimi o da təmirin tərəfdarı idi. Hətta 50 ildən artıq qoyulan heykəlin bir dəfə də təmir olunmaması onu çox narahat edirdi. Odur ki, bu məsələnin təfərrüatını biləndə normal qarşılayır və fondun tunc sexinə gedərək orda görülən işlərlə tanış olur. Vaxtilə heykələ vurulan rəngin təmizlənməsi və əsaslı təmiri onu sevindirsə də, iki məqamdan narazı qalır. Birincisi o idi ki, qocaman rəssam heykəl götürülərkən onunla məsləhətlər aparılmasını zəruri sayırdı. Amma müəlliflə heç bir əlaqə saxlanılmadı. Yalınz 3 gündən sonra sentyabrın 17-də xəbər tutan Sücəddinov o saat işlərlə dərindən maraqlanmağa başlayır.
“Bilsəydim qoymazdım ki...”
İkinci narazılıq isə ümumiyyətlə heykəlin təmir olunarkən yerindən tərpədilməsi idi. Heykəlin durduğu yerdə təmirinin bərpasının mümkünlüyünü bildirən heykəltəraş onun bir yerdən başqa yerə aparılmasını qəti narazılıqla qarşıladı. Mediaya açıqlamasında “bilsəydim qoymazdım ki, onu yerindən tərpətsinlər” deyərək sənət əsərinin korlanmasından gileylənir. Düzdü heykəl 3 aylıq əsaslı təmirdən sonra 2007-ci ilin dekabrında yenidən əvvəlki yerinə qaytarıldı. Amma heykəltəraşın sənət əsəri üçün bu qədər narahatlığı onun böyüklüyünün təcəssümüdür.
Rəssam 2010-cu ilin aprelində uzun xəstəlikdən sonra vəfat etdi. Amma müəllifi olduğu sənət əsəri hələ də insanlarladır. İstirahət edərkən ondan gözəllik və mübarizliyin sintezini “qoparan” insanlarla...
Elmin Nuri