Seçki marafonu başlamazdan öncə “El” hərəkatının sədri, politoloq Eldar Namazov prezidentliyə əsas iddialılardan idi. Vaxtilə Heydər Əliyev hakimiyyətin əsas simalarından olmuş Namazov bu ilin əvvəlində Azərbaycan müxalifətinin yeni lideri kimi cəmiyyətə təqdim edilir, seçkilərdə müxalifətin əvəzsiz namizədi olacağı haqda fikirlər gəzib-dolaşırdı. Eldar Namazovun siyasi gedişi ənənəvi müxalifətdən fərqli və bir qədər də inandırıcı görünürdü. O, həmçinin Milli Şura ideyasının ərsəyə gəlməsində əsas pay sahiblərindən idi. Rüstəm İbrahimbəyovun siyasətə gəlişində onun xidmətləri ilk gündən hiss olunurdu.
Namazov və İbrahimbəyov- yeni müxalifət liderləri seçkiyə bir neçə ay qalmış böyük yükün altına girərək, 20 ildir bir araya gələ bilməyən “narazıları” Milli Şurada toplamağa müvəffəq oldu. Bu, İbrahimbəyovun fonunda Namazovun uğuru idi. Onlar Rəsul Quliyev, Lalə Şövkət, İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu kimi biri-birini qəbul etməyən partiya liderlərini bir “damın” altına yığaraq klassik müxalifətə yeni kostyum geyindirə bildilər.
Namazovun siyasi təcrübəsinə gəlincə, söz yox ki, o, Milli Şuranı idarə edir, İbrahimbəyovun taktiki gedişlərinə əl gəzdirir, bir sözlə, liderlərə “diqtə etmək” missiyasını öz üzərinə götürmüşdü. Mərkəzi Seçki Komissiyası (MSK) İbrahimbəyovun namizədlik iddiasına “yox” deyənədək Eldar Namazov işlərini bu şəkildə davam etdirdi və demək olar ki, bir çətir altına topladıqları siyasilər Namazov-Rüstəmbəyov cütlüyünün fonunda ya görünməz olmuşdular, ya da icraedici təsiri bağışlayırdılar.
Müxalifətin son Gürcüstan toplantısı Namazov-Rüstəmbəyov cütlüyünün nüfuzunu xeyli zəiflətdi. Milli Şuradan öncə yaradılmış Ziyalılar Forumunun tam tərkibdə siyasi hadisələrə qarışmaması da cütlüyü ciblərindən yeməsinə gətirib çıxardı. Yuxarıda qeyd etdiyimiz kimi, MSK-nın İbrahimbəyovla bağlı qərarı ilə demək olar ki, oyun dəyişdi. Bunu müşahidə etmək o qədər də çətin deyil. İbrahimbəyovun meydandan çəkilməsi ilə Namazov da arxa plana keçdi.
Milli Şuranın “A” planının gözlənilməz iflası ilə AXCP- Müsavat birliyi Namazova yerini göstərdi. İbrahimbəyovun geri çəkilməsi həm də Namazovun liderlik statusunu əldən verməsinə gətirib çıxardı.
Aylar öncə müxalifətin önündə gedən Namazov indi demək olar ki, arxa plandadır. Seçkiyə sayılı günlər qalsa da, nə onun, nə də rəhbəri olduğu hərəkatın (”El” hərəkatının – A.R) nəinki aktivliyi, hətta varlığı belə, hiss olunmur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Eldar Namazovun arxa plana keçməsinin səbəblərini Modern.az-a şərh edib. Politoloqun fikrincə, Namazovun kartları İbrahimbəyovun seçki planı baş tutmayandan sonra dəyişdi.
“Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi təklifi əsasən Eldar Namazovdan gəlirdi. Namazov Milli Şura ideyası və bu ideyanın gerçəkləşməsinə əsas səbəbkarlardandır. İbrahimbəyovun namizədliyi də, məhz bu layihə də ona məxsus idi. Rüstəm İbrahimbəyovun namizədliyi gündəmdə olan zaman Eldar Namazov ön planda idi. Milli Şuranın yaranmasında, müxalifət partiyalarının bir araya gəlməsində əsas fiqurlardan idi. Son anda Rüstəm müəllimin pasportla bağlı problemi bəlli olandan sonra, onun namizədliyi şübhə altına düşdü. Bununla da Eldar Namazovun gücü bir qədər zəiflədi. Cəmil Həsənlinin üzərində dayanıldıqda isə kartlar dəyişdi. Namazov arxa plana keçdi. Çünki Cəmil Həsənli onun layihəsi deyildi. Namazov arxa plana keçəndən sonra AXCP ilə Müsavat önə keçdi. Cəmil Həsənlinin namizədliyindən sonra əsas güc AXCP-Müsavat birliyinə geri qayıtdı. İndi də Eldar Namazov aktiv fəallığı ilə seçilmir”-deyə politoloq şərh edib.
Hətta yadınızdadırsa, Cəmil Həsənlinin namizədliyi təsdiqlənən zaman “El” hərəkatı özünün toplantısını çağırdı. Bununla sanki Cəmil Həsənliyə etiraz edilirdi. Bütün bunlara rəğmən demək olar ki, Namazov-Rüstəmbəyov cütlüyü AXCP ilə Müsavatı bir araya gətirsə də, missiyasını sonadək yerinə yetirə bilmədi. Hazırda isə İbrahimbəyov Rusiyada kino çəkir, Namazov Milli Şuradadır. Onların Milli Şurada nəfəsləri hiss edilmir. Milli Şura isə klassik müxalifətin klassik addımlarını atır.
Anar RÜSTƏMOV