Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, tərəfdaş və müttəfiqlərinin sayının artırılması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktorlarından birinə çevrilməsi istiqamətində həyata keçirdiyi, istisnasız olaraq milli maraqlara söykənən, dövlətimizin və xalqımızın təhlükəsiz inkişafına xidmət edən xarici siyasət kursu uğurlarımızı simvolizə edən başlıca məqamlardan biridir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərindən doğan qlobal təhlükəsizlik mexanizmlərinin sıradan çıxarıldığı, güc amilinin bütün digər amilləri üstələdiyi, olduqca mürəkkəb, ziddiyyətli, xaotik, bəzən isə anlaşılmaz beynəlxalq münasibətlər sistemi çərçivəsində Azərbaycan liderinin ölkənin milli maraqlarından geri çəkilmədən, güzəştsiz, cəsarətli bir mövqe sərgilədiyi önə çıxarılarsa, geridə qalan zaman kəsiyinin hər saatında, hər anında nə qədər iti və çevik zəkanın, böyük zəhmətin və sonsuz fədakarlığın dayandığını söyləmək mümkündür: “Əgər Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində Azərbaycanın müstəqil mövqeyini önə çıxaran amillər olmasaydı, o zaman ölkədə sabitliyin təmin olunması da çox çətin olardı. Yaxud əgər daxildə ictimai-siyasi və sosial-iqtisadi sabitliyə, Azərbaycan xalqının birliyinə, həmrəyliyinə nail olunmasaydı, şübhəsiz ki, xarici siyasətdə də indiki nəticələrə nail ola bilməzdik.
Azərbaycan kifayət qədər həssas regionda yerləşir. Dünyada baş verən hadisələr ölkələrin xəritəsini dəyişir, milyonlarla insanı məhrumiyyətə düçar edir. Qanlı toqquşmalar, terrorizm, ticarət müharibələri, idarə olunan maliyyə sabitsizliyi Azərbaycandan dəfələrlə böyük ölkələri olduqca acınacaqlı bir vəziyyətlə qarşı-qarşıya qoyur. Belə bir zaman kəsiyində Azərbaycan Prezidentinin ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasına nail olması tarixi nailiyyətdir.
Bu baxımdan, Prezident İlham Əliyevin xarici siyasətdə yaratdığı özünəməxsus və təkrarsız nümunənin bütün komponentləri, əslində vahid bir strategiyanın tərkib hissəsidir”.
Azər Kərimli qeyd edib ki, dövlətimizin başçısının xarici siyasətdəki bütün uğurlarının əsas sirri onun Azərbaycan xalqının milli maraqlarından çıxış etməsidir: “Prezident İlham Əliyev geosiyasi şəraitdən, regional və subregional dəyişikliklərdən, sülh və müharibə gündəliklərindən asılı olmayaraq, yaxud bütün bu ssenarilər nəzərə alınmaqla Azərbaycanın yaxın və uzaq hədəflərini müəyyənləşdirib və bu hədəflərə doğru addımlamaq üçün ölkəmizin, xalqımızın bütün potensialını səfərbər etməyi bacarıb.
Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində, Azərbaycan regional və qlobal proseslərdə ayrı-ayrı güc mərkəzlərinin peyk-dovlətinə çevrilmədən, qütblərarası manipulyasiyaya, yer və yön dəyişməyə yol vermədən, ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geriyə çəkilməyən azsaylı dövlətlərdən biridir. Və ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını, coğrafi mövqeyini mühüm geostrateji faktora çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə onun etimadlı, məsuliyyətli dövlət imicidir. Prezident İlham Əliyevin "Sözümüz imzamız qədər keçərlidir" deyimi, təkcə Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə etmir, həm də onun ölkəyə qazandırdığı obrazın cizgilərini ortaya qoyur. İlham Əliyevin xarici siyasəti çevik, məsuliyyətli, prinsipial, öhdəliklərinə sadiq, eyni zamanda humanist və tolerant azərbaycanlı obrazının diplomatik müstəvidə özünü büruzə verməsidir”.