Dünyada hər il ənənəvi olaraq qeyd olunan “Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə də “Xəzər həftəsi” çərçivəsində müxtəlif kütləvi tədbirlər keçirilir.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 28 sentyabr 2013-cü il tarixində ETSN-nin müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət ilə birgə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 200-ə yaxın insanın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.