QHT sektorunun fəalı Oqtay Gülalıyev oğlu Əli Gülalıyevin döyülməsi və bıçaqlanması faktı ilə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edib.
Müraciətində O.Gülalıyev bildirib ki, 22 sentyabr 2013-cü il tarixində axşam saatlarında oğlu Əli Gülalıyev yaşadıqları Xətai rayonu NZS qəsəbəsində 4-5 nəfər naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanıb. Yalnız təsadüf nəticəsində, hadisə baş verən əraziyə maşın gəlməsindən ehtiyat edən naməlum şəxslər gələnləri polis zənn edib qaçıblar.
Aldığı 2 bıçaq yarasından, eləcə də ağır bədən xəsarətindən xeyli qan itirən Əli Gülalıyev 23 sentyabrda “Azərsutikinti” xəstəxanasında əməliyyat olunub.
”Hadisədən bir gün sonra heç bir istintaq hərəkəti aparılmadan, dəlil-sübut olmadan DİN mətbuat xidməti bir tərəfli qaydada, qeyri-peşakarcasına baş vermiş hadisəni orta məktəb səviyyəsində xırda xuliqanlıq kimi təqdim etmiş, Əlinin vəhşicəsinə döyülərək ağır bıçaq yarası almasını (yaranın dərinliyi 8 sm-dir) yüngül bədən xəsarəti kimi ictimaiyyətə təqdim etmişdir”-deyə O.Gülalıyev narazılıq edib.
O, daha sonra bildirib: “Xətai rayon Polis İdarəsi tərəfindən aparılan tədqiqat zamanı oğlum Əli və mən hadisə ilə bağlı sentyabrın 23 və 25-də iki dəfə izahat vermişik. 26 sentyabrda isə mənim rayona səfər edəcəyimi öncədən bilən (mən bu barədə polisə məlumat vermişdim) Xətai RPİ- nin müstəntiqi Məmmədşah Həsənəliyev və Faiq adlı rəis müavini mənim xəbərim və iznim olmadan bir qrup mülki geyimli şəxslə evimə daxil olaraq Əlidən zorla ifadə almağa, ona istiqamətləndirici və aldadıcı sualar verməyə, bu alınmadıqda isə 22 sentyabrda baş vermiş cinayətin Rüstəm adlı şəxs tərəfindən törədilməsini onun boynuna qoymağa çalışmışdılar. Polisin bu qanunsuz hərəkətləri barədə mən telefonda dəfələrlə onlara xəbərdarlıq edərək evimi tərk etməyi tələb etsəm də onlar Əliyə fiziki zorakalıq göstərmək, zorla ifadə almaq hərəkətlərini davam etdirərək sonda az yaşlı oğlumu və məni təhqir etməyə, hədələməyə başlamışdılar. Mən məcburiyyət qarşısında qalıb DİN-in 102 qaynar xəttinə, jurnalsit və QHT həmkarlarıma zəng edib dəstək istədim. Onlar təxminən 55 dəqiqə sonra evi tərk ediblər. Evdə olan kiçik yaşlı övladlarım və onların yaşlı nənəsi psixi sarsıntı keçiriblər”.
O.Gülalıyev polsilərin evində olduğu müddətdə onların oğlu Əlidən zorla ifadə alıb, onu hədələməyi, cinayəti Rüstəm adlı bir nəfərin boynuna qoymaq cəhdi ilə bağlı aparılmış çəkilişin diskini nazirə və istintağa təqdim edə biləcəyini bildirib.
“Sonda onu da qeyd edim ki, Sizin tapşırığınızla 27 sentybar 2013- cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin mənimlə görüşərək hadisə ilə bağlı artıq cinayət işinin başlandığını bildirməsi və oğlum Əlinin vəhşicəsinə döyülərək ağır bıçaq yarası alması ilə nəticələnən cinayət hadisəsinin üstünün tezliklə açılması üçün əllərindən gələn bütün mümkün vasitələrdən istifadə edəcəklərini bildirməsini təqdir edirəm”.
O.Gülalıyev nazir Ramil Usubovdan hadisəni törədənlərin tapılıb məsuliyyətə cəlb olunmasını, eləcə də 26 sentybarda onun icazəsiz daxil olan mülki geyimli polis əməkdaşları haqqında qanunauyğun şəkildə ölçü götürülməsini xahiş edib.
Modern.az