“Müstəqillik bizim böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Bu gün Azərbaycan xalqının gələcəyi onun öz əlindədir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə və uğurla inkişaf edən ölkələrin sırasındadır. Əminəm ki, növbəti illərdə biz öz inkişaf dinamikamızı saxlayacağıq, ölkəmizin uğurlu gələcəyini təmin edəcəyik”.
Modern.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Şabrana səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib.
Şabranda inşa edilən Taxtakörpü su anbarı, Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasiminə qatılan ölkə başçısı bu layihələrin önəmindən söz açıb.
“Taxtakörpü su anbarının, Şəmkirçay su anbarının və suvarma sisteminin yaradılması nəticəsində biz 2 ildən sonra 250 min hektar yeni torpaq sahələri əldə edəcəyik. Bu, tarixi bir nailiyyət olacaqdır. Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır”.
Prezident həyata keçirilən layihələrə böyük investisiyların cəlb edildiyini deyib. Ölkə başçısı həmçinin qeyd edib ki, Azərbaycan növbəti 10 ildə öz inkişafı qeyri-neft sektorunun hesabına təmin ediləcək.
“Bu layihənin həyata keçirilməsi üçün böyük investisiyalar cəlb edilmişdir. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Xarici investisiyalar, onların axını davam etdirilir. Ancaq son illərdə yerli investisiyalar xarici investisiyaları üstələyir. Təqribən, faiz nisbəti 70/30 daxili investisiyaların xeyrinədir. Bu da çox müsbət haldır. Hələ ki, daxili investisiyaların əsas hissəsi dövlət investisiyaları hesabına formalaşır. Bu da təbiidir. Çünki dövlət bütün iqtisadi və sosial layihələrə güclü təkan verməli idi və verir. İnfrastruktura qoyulan investisiyalar bu gün yeni inkişaf dövrümüzü şərtləndirir. Keçən 10 il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır. Bu da dünyada misli görünməmiş nəticədir. Son 10 il ərzində sosial məsələlər öz həllini tapmışdır, 500-ə yaxın xəstəxana, 3 minə qədər məktəb, 9 dəfə artan pensiya, 6 dəfə artan orta əməkhaqqı, infrastruktur layihələri, investisiyalar. Demək olar ki, ölkəmiz böyük dərəcədə qabağa getmişdir və güclənmişdir. Ancaq növbəti 10 il ərzində biz öz inkişafımızı daha çox qeyri-neft sektorunun hesabına təmin edəcəyik. Belə olan halda, son illərdə infrastruktura qoyulan xərclər, dövlət investisiyaları gözəl bir şərait yaradır və növbəti illərdə daxili investisiyalar, əlbəttə ki, xarici investisiyalardan daha artıq olacaqdır. Ancaq çox istərdim ki, özəl sektordan gələn investisiyalar üstünlük təşkil etsin. Əminəm ki, biz buna da nail olacağıq. Ancaq dövlət bundan sonra da öz investisiya siyasətini davam etdirəcək, ölkəmiz, xalqımız üçün lazım olan bütün layihələr icra ediləcəkdir.
Son 10 ildə ölkəmiz böyük, şərəfli yol keçmişdir, insanların rifah halı yaxşılaşmışdır, nəhəng investisiya layihələri icra edilmişdir, sosial proqramlar tam şəkildə təmin edilmişdir. Əminəm ki, bu müsbət meyllər növbəti illərdə davam etdiriləcəkdir”.
Prezident İlham Əliyev Azərbaycanın uğurlu inkişafının növbəti illərdə də davam etdiriləcəyini, ölkənin gələcəyinin xalqın əlində olduğunu diqqətə çatdırıb.
“Bu layihənin icrası bir məsələyə də diqqəti çəkir. Belə nəhəng layihələr ancaq müstəqillik dövründə icra edilə bilər, ancaq bizim taleyimiz öz əlimizdə olan bir zamanda biz bu layihələri icra edə bilərik. Bu layihə və ölkəmizdə son illərdə görülən bütün işlər bir daha müstəqilliyimizin üstünlüklərini əks etdirir. Müstəqillik bizim böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Bu gün Azərbaycan xalqının gələcəyi onun öz əlindədir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə və uğurla inkişaf edən ölkələrin sırasındadır. Əminəm ki, növbəti illərdə biz öz inkişaf dinamikamızı saxlayacağıq, ölkəmizin uğurlu gələcəyini təmin edəcəyik”.
Modern.az