Prezidentliyə namizəd Zahid Oruc İctimai Televiziyada keçirilən debatda bir sıra mühüm məsələlərə toxunub. Z.Orucun iddiasına görə, bu gün ölkədə 1 milyon 300 min şəxsi nəqliyyat sahibi, 320 min - son 10 ildə - ev tikən və ya mənzil alan insan var, Bakı ilə Sumqayıtın arası birləşib.
“Siyasət təkcə qanunlara deyil, eyni zamanda, mənəvi prinsiplərə, insani dəyərlərə söykənir. Əks halda o, millətin mənafelərinə heç cür xidmət edə bilməz. Biz böyük liderimizdən-mərhum ümummilli liderimiz Heydər Əliyevdən məhz bu cür amalları, idealları öyrənmişik”. Bunu prezidentliyə namizədlərin İTV-də təşkil olunan 6-cı teledebatında çıxışı zamanı namizədliyini müstəqil şəkildə irəli sürmüş Zahid Oruc dilə gətirib. Onun sözlərinə görə, amma namizədliyi cəmi 14 gündür ki, qeydə alınan və özünü milli-demokratik düşərgənin təmsilçisi sayan Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bu müddət ərzində leksikonunda həddindən artıq təhqirlərə, başqasının şərəf və ləyaqətini aşağılayan sözlərə yer ayırıb. “Mən ondan soruşuram: təhqir platformadırmı və dili niyə belə zəhərdir”-deyə, Z.Oruc C.Həsənliyə sual edib. Qeyd edək ki, Z.Orucun bu sualına teledebatda çıxışı zamanı cavab verməkdən yayınan Milli Şuranın prezidentliyə namizədi növbəti dəfə aşağılayıcı tərzdə ifadələr, ittihamlar səsləndirib. “İlham Əliyev kabinet lideri olmayıb, o, ölkəsini qarış-qarış dolaşıb,1-ci Pyotrdan da qüdrətli şəkildə bu ölkəni qurub...” “Mən çıxışıma başlayarkən, Cəmil Həsənlidən “diliniz niyə belə zəhərdir və təhqir platformadırmı?”- deyə, soruşdum və siz tamaşaçılar bir daha növbəti təhqirin və onun dilinin zəhər olduğuna şahid oldunuz. O, nə qədər təhqir edirsə, bir o qədər də əsl Cəmil Həsənlini görməkdəsiniz. Çünki o, bu beş debatda xeyli saxta obraz sərgiləməkdədir... Bir çoxları da bizə sual verir ki, axı, bu insanın üzərinə niyə bu qədər düşürsünüz... Sadə formada izah edəndə ki, Azərbaycan dövlətinin üzərinə elə ekstremist əhval-ruhiyyə ilə gəlir və ya gəlirlər ki, adi, normal problemləri də etiraf etmək, onları insanlara normal şəkildə necə aradan qaldırmağın yollarını göstərmək olmur. İndi siz bu şəkildə ölkəni təmsil etməyə iddialısınız?
Hamını sağa-sola təhqir edəndə əslində sizin əsl obrazınız formalaşmış olur. Artıq 6 teledebatdır ki, ölkə başçısının üzərinə “hücumlar” təşkil edirsiniz, amma nə qədər çalışsanız da, onun siyasi nüfuzuna heç bir formada təsir edə bilmirsiniz. Bilirsiniz, bu “hücumlar” niyə təsir etmir, ona görə ki, bu illər ərzində sizlərdən fərqli olaraq, cənab İlham Əliyev kabinet lideri olmayıb, o, ölkəsini qarış-qarış dolaşıb, 1-ci Pyotrdan da qüdrətli şəkildə bu ölkəni qurub və bir də onda ayılmışınız ki, Azərbaycan
dəyişib, yeganə köhnə sizsiniz.
Siz bugünkü mitinqinizdə məlum şüarlarınızla dünəni, keçmişi xatırladırsınız, sabah haqqında heç bir təsəvvürünüz yoxdur. Bu
kabinetlərdə mənən qocalanda da bilirsinizmi kimə oxşayırsınız, ona oxşayırsınız ki, bu illər ərzində Azərbaycan xalqının sanki kənar bir hissəsinə çevrilmisiniz və istəyirsiniz ki, gəlib hansısa formada Azərbaycan xalqının gələcəyinə təsir edəsiniz, ancaq bu da alınmır”
“Budur dediyiniz mənəviyyat?” Z.Oruc eyni zamanda qeyd edib ki, C. Həsənlinin ifadələrində tez-tez mənəviyyat sözü təkrarlanır:
“... 2005-ci ildə Azərbaycanda da Ukrayna və Gürcüstandakı məlum prosesləri yaşatmaq, törətmək üçün jurnalist Elmar Hüseynovu qətlə yetirənlər sonra bu prosesi həyata keçirə bilmədilər və Elmarın atası Sabir Hüseynov o zaman “Yeni Müsavat”a müsahibəsində demişdi ki, müxalifətin-Milli Şuranın liderləri ona deyirlərmiş ki, ver onun tabutunu küçə-küçə gəzdirək. Budur dediyiniz mənəviyyat?”
“...Özünüz bir dövr vara çox ciddi şəkildə can atırdınız...Bunun real sübutlarını göstərə bilərəm”
Prezidentliyə namizədin dediyinə görə, C.Həsənlinin çıxışlarının hamısında klassik bolşevik yanaşması var:
“Varlılara qarşı nifrət, vara qarşı nifrət...Amma özünüz bir dövr vara çox ciddi şəkildə can atırdınız...Mən bunun real sübutlarını göstərə bilərəm...Monopoliyadan danışırsınız, bəli, monopoliya qüsurdur, dövlət də onun aradan qaldırılması üçün qanunlarla mübarizə aparmalıdır, sahibkarlıq mühiti azad rəqabət şəraitində olmalıdır...Amma siz bir vaxtlar bu ölkədə
una 65 faiz və yanacaq sisteminə ondan artıq nəzarət edən sabiq və həbsdə olan nazir Fərhad Əliyevin cibinə yerləşəcək dərəcədə balaca adam olmusunuz, bunu çoxları bilir və böyük amallardan danışdığınız halda həmin şəxsi yalnız yerliçiliyə görə müdafiə etmisiniz.
Bir bakılı mühəndisi, onun hüquqlarını niyə müdafiə etmirsiniz? Burada-teledebatda Azərbaycan cəmiyyətin varlı-kasıb halından çox danışılır. Bu ölkədə 1 milyon 300 min şəxsi nəqliyyat sahibi var. Bunun minimum 100 mini 2-3 maşın sahibi, dövlət vəzifəsini tutanlar ola bilər. Bu ölkədə 320 min - son 10 ildə- ev tikən və ya mənzil alan insanlar var, Bakı ilə Sumqayıtın arası birləşib. Bu dövr ərzində millət qurub-yaradıb, təzə bir Azərbaycan formalaşıb. Sadəcə, bunları görün...”
Modern.az