“Təklif edirəm ki, “Sosial müavinətlər haqqında” Qanunda “5-dən çox uşaq” ifadəsi aydınlaşdırılsın”. Modern.az xəbər verir ki, bu sözləri parlamentin Sosial siyasət komitəsinin iclasında millət vəkili Musa Quliyev deyib. O, qeyd edib ki, burada son yaş həddinin 18 yaş olması məsələsinə də aydınlıq gətirilməlidir. “Biz 18 yaşı sonuncu uşaq üçün etməliyik ki, o vaxta qədər qadınlar müavinət alsınlar. Qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı isə icra qurumları müvafiq protokol hazırlamalıdır. Səhiyyə Nazirliyi tərəfindən protokol hazırlanıb xəstəxanalara göndərilməlidir”.
Millət vəkili Əhliman Əmiraslanov deyib ki, bu düzəliş prezidentin insanlara çağırışıdır. “Xüsusilə gənc ailələrə. Bu qanunun qüvvəyə minməsi təkcə ilk məqamda 10 min ailəni əhatə edəcək. Bildiyiniz kimi, son illər Azərbaycanda ailələrdə cəmi 1 və ya iki uşaq dünyaya gəlir. Bundan sonra çox güman ki, ailələrdə övladların sayı 2-dən 3-ə, 4-ə, 5-ə də qalxacaq. Bu, əhalinin artımı ilə bağlı müsbət addımdır”.
Deputat Məlahət İbrahimqızı da qanun layihələrindən danışıb. O da qanundakı ifadələrə aydınlıq gətirilməsini vacib bilib. Qız uşaqlarının abortundan danışan millət vəkili təklif edib ki, həmin həkimlər də cəzalandırılsın: “Qız uşaqlarının doğuşunda azalma müşahidə olunub. Bəlkə ekspertlər buna diqqət yetirsinlər və həkimlər cərimələnsin...”
Deputat Sevinc Hüseynova isə bildirib ki, qanun layihəsinə əsasən müavinət sonuncu uşağın 18 yaşı olanacan verilməlidir.
Aytən Əliyeva