Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin vacibliyinə toxunub. O, bildirib ki, bu qanunun qəbulu cəmiyyət üçün vacibdir.
Modern.az xəbər verir ki, Musa Quliyevin sözlərinə görə, qanunun qəbulu cəmiyyətdə problemlərin qarşısının alınmasına səbəb olacaq. Deputat nikaha girənlərin icbari tibbi slığortasının da vacibliyindən danışıb və bu barədə qanunvericiliyin təsdiq olunmasının zəruriliyini bildirib. Deyib ki, ölkədə nikah zamanı tibbi sağlamlığın müəyyənləşdirilməsi gələcək nəsil artımında fəsadların aradan qaldırılmasına kömək edə bilər.
M.Quliyevin sözlərinə görə, ölkədə talassemiya, QİÇS, hepatit C xəstəliklərinin artması müşahidə olunur. O, Heydər Əliyev Fondunun talassemiya ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, talassemiyanın praktikasının düzgün qurulmaması bu xəstəliklə mübarizədə çətinliklər yaradır.
“Məcburi tibbi sığorta onunla bağlıdır ki, bu, nikaha girən cütlüklərin ümumi vəziyyətini ortaya çıxarmağa kömək edəcək”.
Daha sonra deputat selektiv abortun genişlənməsindən narahatlığını bildirib. O buna görə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunu gecikdirməməyə çağırıb.
“Selektiv abortlar genişlənib. Məsələn bu il orta məktəbdə birinci sinfə gedən oğlan uşaqlarının sayı qızlardan 9 min nəfər çoxdur. B qanun qəbul olunarsa, vəziyyəti bərabərləşdirməyə kömək edəcək”.
“Reproduktiv sağlamlıq haqqında” qanunun müzakirəsi qalmaqalla müşayiət olunub və indiyədək sənəd bir neçə dəfə dəyişikliyə məruz qalıb.
Aytən Əliyeva