Modern.az

TRT rəhbəri Bakıda universitetin fəxri doktoru oldu

TRT rəhbəri Bakıda universitetin fəxri doktoru oldu

30 Sentyabr 2013, 13:30


Bu gün Odlar Yurdu Universitetində TRT baş direktoru İbrahim Şahinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə işgüzar görüş keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd TRT baş direktorunun sözügedən ali təhsil qurumu tərəfindən fəxri doktor adı ilə təltif olunmasıdır.

Modern.az xəbər verir ki, tədbiri açıq elan edən Universitetin rektoru, professor Əhməd Vəliyev qonaqları salamladıqdan sonra İ.Şahinə fəxri doktor adının verilməsinin bu iki qurum arasında əlaqələrin inkişafına səbəb olacağını vurğulayıb: “İbrahim bəy və TRT-in Azərbaycanla əlaqələri çox sıx idi. Amma bundan sonra onu məcbur edəcəyik ki, bizimlə daha sıx əlaqədə olsun”.

Rektordan sonra edən akademik Nizami Cəfərov da İbrahim Şahini təbrik edərək TRT ilə Azərbaycan arasındakı mənəvi bağlılıqdan söhbət açıb. O, bugünkü təltifin bu bağlılığa xidmət edəcəyini vurğulayıb. N. Cəfərovun çıxışından sonra TRT və Azərbaycan əlaqələrini əks etdirən süjet təqdim olunub. Süjetdən sonra rektor Əhməd Vəliyev həm TRT və Azərbaycan əlaqələri, həm də  İbrahim Şahin haqında geniş məlumat vermək üçün sözü millət vəkili Qənirə Paşayevaya verib.

TRT kanalının Azərbaycanla bağlı siyasətini dəstəkləyən və müsbət qiymətləndirən Q. Paşayeva bu işlərin səbəbkarı kimi İ. Şahinə təşəkkürünü bildirib: “TRT kanalında Azərbaycan əleyhinə heç bir informasiya görməmişəm. Bu kanal Azərbaycanla bağlı on üç mindən artıq informasiya yayımlayıb və midən artıq yarım saatdan çox proqramlar hazırlayıb. TRT Avaz kanalının 4 saatı yalnız Azərbaycana həsr olunub”.

Millət vəkilinin çıxışından sonra təltif olunma mərasimi keçirildi.
Rektor Əhməd Vəliyev İbrahim Şahinə fəxri doktor diplomu və digər hədiyyələri təqdim etdi. İbrahim Şahinin təşəkkür nitqindən sonra Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun təltifə görə həm Odlar Yurdu Universiteti, həm də Azərbaycana cəmiyyətinə öz dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakıda işgüzar səfərdə olan TRT rəhbəri Odlar Yurdu Universitetindən başqa ATV telekanalı və Atatürk Mərkəzinə də baş çəkəcək. Bundan başqa, nümayəndə heyətinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü olacaq.  

Elmin Nuri    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?