Astara Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Kollecin direktoru, professor Kamran Kazımov imtahanların gedişini izləmək məqsədilə imtahan otaqlarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib, problem və qayğıları ilə maraqlanıb.
Modern.az xəbər verir ki, direktor kollecin müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə kollecin direktoru Kamran Kazımovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları imtahanların başladığı ilk gündən fəaliyyətdədir.
Kollecdə Əmək müharibəsi İctimai Birliyinin Astara rayon təşkilatının sədri Rafiq Əliyevin sədrliyi ilə yaradılan İctimai şuranın üzvləri imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, operativ qərargahın işi ilə əyani tanış olmaq imkanı əldə ediblər. Kollecdə imtahanların gedişini əyani izləyən şura üzvləri tədrisin yenilənməsi, modernləşdirilməsi istiqamətində görülən işlərdən razı qaldıqlarını bildirərək imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyinə, tələbələr üçün lazımi şərait yaradıldığına görə kollec rəsmisinə minnətdarlıq ediblər.
20 ixtisas üzrə 1100-dən çox tələbənin təhsil aldığı Astara Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına 7 yanvar tarixindən start verilib və fevralın 1-nə qədər davam edəcək.
Xatırladaq ki, ötən ilin dekabr ayından Astara Pedaqoji Kollecinə direktor təyin edilən filologiya elmləri doktoru, professor Kamran Kazımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmət ordeni” və bir sıra döyüş medalları ilə təltif olunmuş şəhid baş leytenant Vüsal Kazımovun atasıdır.