Modern.az

Nazirlə komitə sədri əməkdaşlığa başladılar - FOTO

Nazirlə komitə sədri əməkdaşlığa başladılar - FOTO

30 Sentyabr 2013, 13:43
Sentyabrın 30-da  əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri dövlət qurumları arasında «Uşaq əməyinin istismarının qarşısının alınması  sahəsində Birgə Tədbirlər Planı»nı (2013-2015-ci illər)  imzalayıblar.

Planın imzalanması mərasimində nazir Fizuli Ələkbərov Azərbaycanın milli qanunvericiliyinin uşaq əməyinə münasibətdə ümumbəşəri norma və prinsipləri özündə əks etdirdiyini qeyd edərək, uşaq əməyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi sahəsində görülən işlərdən, əldə olunan nəticələrdən söz açıb. Görülən tədbirlərin müsbət nəticəsi kimi, uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı ilbəil azalaraq, 2012-ci ildə 5 hal, cari ilin birinci yarimilində isə 3 hal təşkil edib.

Əmək hüquqlarının təminatı ilə bağlı bir sıra məsələlərin həllində sosial tərəfdaşlarla, aidiyyəti dövlət orqanları ilə birgə əlaqəli fəaliyyət mexanizminin qurulduğunu  deyən nazir Fizuli Ələkbərov bildirib ki, hələ ötən ilin yanvarında ölkəmizdə sosial partnyorlar arasında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən birgə fəaliyyət planı hazırlanıb və yaxın günlərdə təsdiq ediləcək. Hazırda imzalanan sənəddə əksini tapan tədbirlər yalnız iki dövlət qurumu arasında deyil, digər aidiyyatı dövlət və qeyri-hökumət təşkilatlarının cəlb olunması ilə həyata keçiriləcək.

Avropa  İttifaqının  Tvinninq Layihəsi çərçivəsində hazırlanmış Tədbirlər  Planı   bu mötəbər beynəlxalq təşkilatın   daha  bir  aktual sahədə - uşaq əməyinin istismarının qarşısının alınması  sahəsində ölkəmizə verdiyi dəstəkdir. Plan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Tvinninq layihələri çərçivəsində keçən ilin iyun ayında «Uşaq əməyi» mövzusunda keçirdikləri dəyirmi masada əldə olunan razılaşmaya uyğun hazırlanıb.




Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?