Modern.az

Dəm qazından ölən Sərxan bu gün ABŞ-a getməliymiş...

Dəm qazından ölən Sərxan bu gün ABŞ-a getməliymiş...

Ölkə

26 Yanvar 2024, 16:32

Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşları dəfn olunub.

 

Modern.az-ın məlumatına görə, onlar doğulduqları Tovuz rayonunun Ağbulaq kəndində torpağa tapşırılıb.

 

Qardaşlardan dünəndən bu yana xəbər alınmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar və iki qardaşın meyitlərini aşkar ediblər.

 

Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu. S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi. 
 

Ağbulaq kəndinin icra nümayəndəsi Əli İbrahimov “Report”a açıqlamasında bildirib ki, hadisə yanvarın 25-i gecə saatlarında baş verib. İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-a getməli imiş.

 

Hadisə ilə əlaqədar Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. TƏBİB-dən isə bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Əldə etdiyimiz məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş. O, Bakıda traktor sürücüsü işləyirdi.

 

Qardaşların atası Asif Həsənov bildirib ki, övladları Bakıda kirayədə qaldıqları evdə sobadan yaranan dəm qazından boğulublar. 

 

Mərhumların əmisi Aslan Həsənov isə deyir ki, onlar ailədə 6 nəfər olub: “İki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurdu".

 

Onun sözlərinə görə, yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb.

 

"Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”, - Aslan Həsənov deyir.

 

ADA Universiteti bildirir ki, Sərxan müxtəlif platformalarda ölkəsini uğurla təmsil etdi, “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində ölkə üzrə qalib komandanın üzvü kimi öz nailiyyətləri ilə bir çoxlarını ruhlandırdı.

 

"Sərxanın 2019-cu ildə “Tələbə kartı”nı əldə etdiyi gün dediyi bu sözləri daim xatırlayacağıq: “Hüquqşünaslıq ixtisası üzrə ingilis dilində təhsil almaq əsas akademik hədəfim idi. Hədəfimə nail olduğum üçün qürurlanmaqla yanaşı, “ADA-lı” olmağın məsuliyyətini də indidən hiss edirəm”.

1318917

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal