Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib. Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.
"Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.
Qeyd edək ki, parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin artırılması və bunun nəticəsində onun cəlbediciliyini artırmaqdır. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.
Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur".
Qeyd edək ki, musiqiçi şikayətini bu cümlələrlə ifadə etmişdi: “Burada tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələni kökündən həll edəsiniz”.