Modern.az

Ayaz Mütəllibovun səs verəcəyi namizəd

Ayaz Mütəllibovun səs verəcəyi namizəd

Ölkə

30 Sentyabr 2013, 18:02

Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədlər bəlli olduğu kimi, onları dəstəkləyən qüvvələr də təxminən məlumdur. Şərti olsa da, hansı partiyanın, hansı siyasi birliyin və ya nüfuzlu şəxsin kimi dəstəkləyəcəyini, hansı namizədə səs verəcəyini bəri başdan təxmin etmək mümkündür. Demək olar ki, üzdə olan hər kəsin mövqeyi bəllidir.

Kimi hazırkı prezident İlham Əliyevə, kimi də Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verəcəyini mətbuat vasitəsilə elan edir. Bir sözlə, 9 oktyabr seçkilərində əsas mübarizənin bu iki namizəd arasında gedəcəyi şübhə doğurmur.

Maraqlıdır, Azərbaycanın keçmiş prezidenti, uzun illər Moskvada mühacirət həyatı yaşayandan sonra vətənə qayıtmağına icazə verilmiş Ayaz Mütəllibovun namizədi kimdir, o hansı namizədi  dəstəkləyəcək?

Mütəllibov bu suala cavab verməkdən yayınır. Görünür seçim etmək eks-prezident üçün o qədər də asan deyil. Bununla bağlı jurnalistlərin ona ünvanladığı suallara sabiq prezident  konkret ad çəkməyərək, cavab verməkdən imtina edir.

O, nə İlham Əliyevi, nə Cəmil Həsənlini, nə də dostu Araz Əlizadəni dəstəklədiyini açıqlayıb. Mütəllibov konkret ad çəkməsə də, seçkilərdə namizədlərdən birini dəstəkləyəcəyini gizlətməyib.

Eks-prezident ən yaxşı halda “əlbəttə, kiməsə dəstək verəcəyəm. Bu bir sirdir”-deyə özünü kənara çəkir.

Mütəllibovun seçiminin hansı tərəfdə olduğunu təxmin etmək, proqnozlaşdırmaq olar. 20 ildən sonra vətənə qayıdan keçmiş-prezident hakimiyyətin böyük jestinə verə biləcəyi yeganə məntiqli cavab hakimiyyəti – prezident İlham Əliyevi dəstəkləməkdir.

Doğrudur, Mütəllibov müsahibələrində dolayı yolla hakimiyyətin gördüyü işləri təqdir edir, Azərbaycanda görülən işlərdə prezident İlham Əliyevin zəhmətini müsbət qiymətləndirməyi də unutmur.

O, prezident İlham Əliyevin siyasətini uğurlu hesab edir.

“Azərbaycanın fəaliyyətdə olan prezidentinin siyasətini uğurlu hesab edirəm. Ölkənin sosial-iqtisadi inkişafında, beynəlxalq arenada əldə edilən müvəffəqiyyətlər bunu deməyə əsas verir”-deyə Mütəllibov iqtidarın fəaliyyətinə öz qiymətini verib.

Prezident İlham Əliyevin böyük jesti ilə 20 ildən sonra Azərbaycana qayıdan Mütəllibov müxalifətin yanında deyil. O bunu dəfələrlə sübut etdi. Mütəllibovun indiki müxalifətlə ulduzu hələ 90-cı illərdən barışmayıb. İndiki reallıqda onun Milli Şuranın namizədinə səs verəcəyini düşünmək ancaq sadəlövlük olardı.


Yerdə qalan digər namizədlərdən isə Mütəllibovun dəstək verəcəyi yeganə insan onun dostu ASDP sədri Araz Əlizadə ola bilərdi. Bir şərtlə ki, Əlizadə tam ciddilikdə prezidentlik iddiasında olsaydı. Amma cənab Əlizadənin prezident seçilmək şansı sıfıra bərabərdir və bunu Mütəllibov da bilməmiş deyil. Buna görə də onun ASDP sədrinə səs verəcəyi də inandırıcı deyil.

Bəlkə də Mütəllibovun bu seçimi doğrudur. Müxalifət onun Azərbaycana qayıdışı üçün heç nə etmədi. Əksinə o, müxalif düşərgəsinin iqtidar qədər nifrətinə tuş gələn ikinci bir fiqura çevrildi. Müxalifət onu Rusiyaya işləməkdə, o isə qarşı tərəfi vəzifə hərisliyində ittiham edirdi. Bunlara baxmayaraq zaman-zaman cənab Mütəllibovun müxalifətə arxa duracağına ümid edənlərdə tapılırdı.

Eks-prezidentin Bakı dönüşü ilə hər şey sıfırdan başladı. İqtidarın əfvinə məhkum olan eks dövlət başçısı siyasətdən gedərək yeni həyata başladı. Baxmayaraq ki, Mütəllibov üçün siyasi kariyera bitmişdi, amma onun qarşısında istəməsə də iki seçim  dururdu: ya hakimiyyətin yanında olmaq, ya da əks tərədə.

Mütəllibovun Bakıya qayıdışı ilə onun güclü tərəfdə olduğu hiss edilirdi. O etiraf etməsə də seçimin birinci tərəfin-hakimiyyətin xeyrinə etmişdi.

Ahıl yaşında vətənə qayıtmaq arzusu çin olan Mütəllibovun hakimiyyətə ən böyük təşəkkürü yəqin ki, onun siyasi kursunu dəstəkləmək, iqtidarın təmsilçisinə dəstək olmaqdır.

“Mən iqtidardan başqasını görmürəm. Dövlətçilikdə peşəkar olan adama səs verəcəyəm. Mən qəti deyirəm ki, indiki prezident kifayət qədər səs toplayacaq”.

Özünün dediyi kimi, bu yaşdan sonra onun üçün əsas iş ailəsi ilə birgə vətən sevdasının dadını çıxartmaq, dincəlmək və siyasi yükün ağırlığını çiyinlərindən atmaqdır.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi