Müasir dövrdə sosial şəbəkələr insanların, xüsusən də gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq təəssüf ki, bəzi gənclərin sosial şəbəkələrdən insanları təhqir edib, şəxsiyyətlərini alçaldan paylaşımlar etdiyinin şahidi oluruq. Belə hadisələr cəmiyyət tərəfindən qınanılsa da, yenə eyni hadisələrin baş verdiyi müşahidə edilir.
Bəs nə etmək lazımdır? Sosial şəbəkələrin gənclərin tərbiyəsində təsiri nə qədərdir?
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Modern.az-a açıqlamasında sosial şəbəkələrə nəzarət edilməsinin vacib olduğunu vurğulayıb:
“Bu gün bütün dünyanı ideoloji təbliğat idarə edir. Sosial şəbəkə dünyanın bir nömrəli problemidir. Bu inkişaf etmiş dövlətlərdə də belədir. Sosial şəbəkələr dövlət səviyyəsində, ideoloji təbliğat səviyyəsində nəzarətə götürülməlidir. Özbaşına buraxmaq olmaz. Cəmiyyətin ən aparıcı enerjisi, düşünən beyinləri gənclərdir.
Əgər biz onları klassik ənənələrimiz, milli-mənəvi dəyərlərimiz ruhunda formalaşdırmasaq, bu günümüz də, gələcəyimiz də heç nə olacaq. Bu o qədər mühüm sahədir ki, dövlət səviyyəsində nizamlı şəkildə çox ciddi məşğul olmaq lazımdır”.
Şeyx Əbdül hesab edir ki, ideoloji təbliğatın başında kütləvi informasiya vasitələri durur:
“Kütləvi informasiya vasitələrinin göz öndündə olanı televiziyadır. Televiziyalar kimlərə, nələrə xidmət edir? Bizim TV-lər nə ilə məşğuldurlar? Niyə dünya bizi onların göstərdiyi formada tanımalıdır?
Fikrimcə, tək sosial şəbəklər yox, televiziyalar da nəzarətə götürülməlidir. Televiziyanın 1 dəqiqəsi dövlət üçün, təbliğat üçün, mədəniyyət üçün qızıldır. Ancaq nitq yox, mədəniyyət yox, danışıqlarında bir kəlimə başa düşmürsən.
Bu cür kütləvi şəkildə korlanmış cəmiyyətdə bu məsələni bilavasitə yoluna qoymaq çox çətindir. Dövlətin müdaxiləsi lazımdır. Sərt mövqe göstərmək lazımdır. Millətin əxlaqından, milli-mənəvi dəyərindən söhbət gedirsə, burada heç bir güzəşt ola bilməz. Sual vermək lazımdır ki, cəmiyyət hara gedir, cəmiyyəti hara aparırıq biz? Avropadan gəlmə, bayağı şeyləri götürməyə ehtiyac yoxdur, bizə lazım deyil, bunlar Avropadan gələn mənəviyyatsız şeylərdir!”
Şəbnəm Zahir