Xaçmazda oğurluq edən şəxs ev sahibini yaralayıb.
Modern.az xəbər verir ki, hadisə fevralın 28-i gecə saatlarında rayonun Hacıəlibəy kəndində baş verib.
Ev sahibi Orxan Mustafayev səsə ayılıb və evdə kənar şəxsin olduğunu görüb. O, oğru ilə əlbəyaxa olub və baş nahiyəsindən xəsarət alıb. Həmin şəxs hadisə yerindən qaçmağa müvəffəq olub.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və stasionar müalicəyə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov AZƏRTAC-a bildirib ki, hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.