Modern.az

Namizədlər vətəndaşlarla görüşə ödənişsiz gedirlər?

Namizədlər vətəndaşlarla görüşə ödənişsiz gedirlər?

Ölkə

30 Yanvar 2024, 11:18

Seçki qanunvericiliyində prezidentliyə namizədlər üçün bir sıra güzəştlə nəzərdə tutulub. Namizədlərin toxunulmazlığı olur və təhlükəsizliyi təmin edilir.

 

Bundan başqa namizədlər üçün nəqliyyat xərclərinin ödənilməsi nəzərdə tutulur. Belə ki, şəxs prezidentliyə namizədliyi qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

 

Ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş xərcləri ödənilir.

 

Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərində 7 namizəd qeydə alınıb. Namizədlər bu hüquqlarından istifadə ediblər?

 

Modern.az-a açıqlamasında prezidentliyə namizəd, Milli Məclisin deputatı Fazil Mustafa bu hüquqlarından zərurət yarandığı halda istifadə edəcəyini söyləyib.

 

“Təyyarədən, qatardan və ictimai nəqliyyatdan hələ ki, ödənişsiz istifadə etməmişəm. Amma sözügedən nəqliyyat vasitələrindən istifadə etmə imkanları nəzərdə tutulub. Zərurət olduqda bu hüququmuzdan istifadə edəcəyik”,- o, deyib.

F.Mustafa bu yaxınlarda təşviqat üçün Naxçıvanda səfərdə olub. O, səfər zamanı təcili qərarlar aldığı üçün bu hüquqlarından istifadə etmədiyini vurğulayıb:

 

“Biz gedişatda və başqa məsələlərdə təcili qərarlar qəbul etdiyimizə görə formal tərəfləri çox da nəzərə almadan addım atırıq. Məsələn qəfildən Naxçıvana uçuşla bağlı qərar verdim.  Ona görə də Naxçıvana gedəndə təyyarə biletini öz vəsaitim hesabına aldım. Bunu daha məqsədəuyğun saydım”.

 

Digə bir prezidentliyə namizəd, Milli Məclisin deputatı Razi Nurullayev də sözügedən hüquqlarından istifadə etmədiyini bildirib:

 

“Mən qatardan və təyyarədən istifadə etməmişəm. Bundan sonra da bu hüququmdan istifadə etməklə bağlı hələki planım yoxdur. Lakin Gəncəyə səfərimiz olacaq. Həmin gün təyyarə olacaqsa, ödənişsiz səyahət hüququmdan istifadə edəcəm. Məsələ ilə bağlı bu gün yardımçılarıma demişəm, indi araşdırma gedir. Mənim Naxçıvanda görüşüm nəzərdə tutulmayıb. Təəssüf ki, ora gedə bilmirəm. Qrafik çox sıx oldu. Naxçıvana getsəydim, təyyarədən pulsuz gediş hüququmdan istifadə edərdim. Qatardan da istifadə etməmişəm. Çünki buna ehtiyac olmayıb”.

R.Nurullayev ictimai nəqliyyatdan istifadə etməməsinin səbəbini isə belə izah edib:

 

“İctimai nəqliyyatdan da, təbii ki, istifadə etməmişəm. Çünki hazırda ancaq görüşlərə gedirəm. Görüşlərə vaxtında getməliyəm. Bizdə də ictimai nəqliyyat elə bir vəziyyətdədir ki, onunla hər hansı bir görüşə getmək, gecikmək anlamına gəlir. Ona görə də avtomobillə alternativ yollardan istifadə etməklə görüş yerinə daha tez çatmaq olur”.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal