Azərbaycanda əmək pensiyaların indeksləşdirilməsi gözlənilir. Porses ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq aparılır. Orta aylıq nominal əməkhaqqını isə Dövlət Statistika Komitəsi müəyyən edir.
İndeksləşmə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il dövlət başçısı pensiyaların indeksləşməsi barədə sərəncamı fevral ayının 10-da imzalayıb.
DSMF sədri bir müddət əvvəl pensiyaların 10.8% indeksləşdiriləcəyini gözlədiklərini bildirib. Dövlət Statistika Komitəsi hələlik ötən ilin orta aylıq əməkhaqqı məbləğini tam açıqlamayıb. Komitənin açıqladığı məlumata görə, 2023-cü ilin ilk 11 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.2% artıb.
Yəni, ötən ilin 11 ayında artım 11.2% olub. İndeksləşdirmə dekabr ayının nəticələrinin açıqlanmasından sonra bu rəqəmə uyğun aparılacaq. Görünür, DSMF ötən il orta aylıq əməkhaqqının 10.8% artdığını gözləyir. Güman edilir ki, orta aylıq əməkhaqqının nə qədər artdığı tam məlum olduqdan sonra dövlət başçısı bununla bağlı sərəncam imzalayacaq. Beləliklə, pensiyaların təxminən 11% artacağını gözləmək olar. Bu barədə daha ətraflı əvvəlki yazımızda izah etmişik.
Bəs əmək pensiyalarının artımı kimlərə şamil edilməyəcək?
Prezidentin ötən il və daha əvvəllər imzaladığı sərəncamlarda indeksləşdirmə əvvəlki ilin sonuncu günü daxil olmaqla həmin il pensiyaya çıxanlara şamil edilib. Yəni, bu il də iindeksləşdirmə 2023-cü ilin 31 dekabr tarixinədək pensiyaya çıxanlara aid olacaq. 2024-cü ilin yanvar ayında əmək pensiyasına çıxan vətəndaşların pensiyasında artım gözlənilmir.
Bu il yanvar ayında pensiyaya çıxan şəxslərin əmək pensiyasında indeksləşdirmə gələn ilin əvvəli həyata keçiriləcək.
Modern Təhlil və Araşdırma Qrupu