Modern.az

Xocalı aeroportunu gündəmə gətirən Ermənistan müharibə mesajı verir

Xocalı aeroportunu gündəmə gətirən Ermənistan müharibə mesajı verir

Ölkə

1 Oktyabr 2013, 13:49

Bir neçə gün öncə Xocalıdakı aeroportun erməni direktoru Viqen Akopyana istinadən iki təyyarənin təlim uçuşlarına başladığı barədə məlumat yayıldı. Bunun ardınca isə separatçı  “Dağlıq Qarabağ Respublikası”nın qondarma Mülki Aviasiya idarəsinin “rəhbəri” Dmitri Adabaşyan dedi ki, Xocalı aeroprtu üçün alınan mülki təyyarələr 15 gün ərzində uçuşlara texniki baxımdan tam hazır olacaq.

Beynəlxalq birlik tərəfindən tanınmayan, büdcəsinin 55%-i Ermənistanin hər il ayırdığı dotasiyalar, qalan hissəsi isə erməni diasporunun ayırmaları hesabına formalaşan Dağlıq Qarabağdakı separatçı rejim bu təyyarələri necə əldə edib?
Təbii ki, Ermənistanın və erməni diasporasının köməyi ilə. İlk olaraq bunu qeyd etmək lazımdır ki, hələ 2011-ci ildə Xocalı aeroportunun tikintisinin davam etdiyi zaman “AİR Artsakh” şirkəti yaradılmışdı. Şirkət Xankəndi-İrəvan və əks istiqamətdəki bütün uçuşları həyata keçirmək səlahiyyətlərinə malikdir. Hazırda “AİR Artsakh”ın balansında 3 sərnişin təyyarəsi mövcuddur.
Bunlar Kanadanın “Bombardier Aerospace” şirkətinin istehsalı olan və hər biri 50 sərnişin tutumu olan “Bombardie CRJ 200” model regional təyyarələrdir. İndi mülki təyyarə istehsalında “Airbus” və “Boeing”dən sonra üçüncü yerdə qərarlaşan “Bombardier Aerospace” şirkəti “CRJ 200” model təyyarələri modifikasiyasından asılı olaraq 10-18 milyon dollar arasında satır. Yanacaq sərfiyyatı baxımından dünyada ən sərfəli sərnişin təyyarələrindən sayılan “CRJ 200”  təyyarələri 860 km sürətlə 1815 kilometr məsafəyə qədər uçuş həyata keçirə bilir.

Separatçı “Dağlıq Qarabağ Respublikası”nın malik olduğu 3 ədəd “CRJ 200” regional təyyarələrindən biri Argentinanın ikinci ən varlı şəxsi sayılan, dünyanın 49 aeroportunun (İrəvanın “Zvartnots” aeroportu da daxil olmaqla) idarəolunmasına nəzarət edən “Corparation America” kompaniyasının prezidenti Eduardo Ernekyan tərəfindən 2011-ci ildə keçirilən “Ümumerməni xeyriyyə telemarafonu” zamanı hədiyyə olunub.
Digər iki təyyarə isə bir müddət budan əvvəl müflis olan “Armavia” şirkətinin təyyarə parkından ayrılıb.
Araşdırma zamanı rast gəldiyimiz maraqlı faktlardan biri isə budur ki, artıq uzun müddətdir Ermənistandan Dağlıq Qarabağa vertolyot uşuşları həyata keçirilir. Daha çox turistlər üçün nəzərdə tutulan vertolyotlar “Zvartnots” aeroportundan icarəyə götürülüb. Vertolyotun 3 günlük icarəyə götürülməsi 2500-3000 dollara başa gəlir.

Ermənistan tərəfi yaxın zamanlarda Xankəndi-İrəvan aviareysini açmaqda bir qədər israrlı görünür. Hətta Ermənistan prezidenti Serj Sərkisyanın bununla bağlı Rusiya dövlət başçısına xahiş etdiyi və müsbət cavab aldığı xəbəri də var.

Azərbaycan isə beynəlxalq hüquq normalarına zidd addımlara yol verməyəcəyini xeyli müddət öncə bildirib. Beynəlxalq Aviasiuya Şirkətinin məsələyə münasibəti də maraq doğurur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, bu aeroport məsələsi bölgədə müharibə riskini artıracaq. Bütün bunlardan sonra belə nəticəyə gəlmək olar ki, Ermənistan bölgədə müharibənin başlamasına tərəfdardır.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi