Modern.az

AŞPA qalmaqalı - Azərbaycan Avropaya qaz ixracını dayandırır?

AŞPA qalmaqalı - Azərbaycan Avropaya qaz ixracını dayandırır?

İqtisadiyyat

1 Fevral 2024, 17:40

Yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi üçün səsvermə keçirilib. Səsvermədə qərarın lehinə 75 deputat, əleyhinə 10 nəfər səs verib. Beləliklə, Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.

 

Avropa Azərbaycan qazından asılı olduğu halda ölkəmizə qarşı qərəzli mövqe tutur. Bir sıra ekspertlər AŞPA ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinin Avropaya qaz nəqlində problemlər yarada biləcəyini düşünür.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Avropaya qaz nəqlinin dayandırılmayacağını bildirib:

 

“Xeyr, Avropaya qaz nəqli dayandırılmayacaq. Ona görə ki, Azərbaycan heç vaxt öz enerji imkanlarını siyasi müstəvidə alət kimi istifadə etməyib. Avropa xalqının günahı nədir ki, onların bir neçə deputatı anti-Azərbaycan, antitürk, islamafob mövqe tutublar?! Digər yandan hər şey öz yerini tutacaq. Sadəcə zaman lazımdır. Həmişə də deyirəm ki, zaman bizə işləyir. İnsanlar, xalqlar, Avropadakı cəmiyyət, ümumiyyətlə hər kəs başa düşür ki, beynəlxalq hüquq, haqq kimin tərəfindədir”.

Deputat vurğulayıb ki, beynəlxalq müstəvidə iqtisadi, hüquqi, energetika formasında Azərbaycanın öz dəsti-xətti var:

 

“Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinini atdığı addımı alqışlayıram. Biz gərək göstərək ki, Azərbaycan ilə 30 il əvvəlki kimi davranmaq mümkün deyil. Biz bu gün kifayət qədər güclü, qüdrətli, nüfuzlu dövlətik. Bu, bir faktdır. Bunu Avropada da, AŞPA-da da başa düşürlər. Azərbaycanın beynəlxalq müstəvidə iqtisadi, hüquqi, energetika sahəsində öz dəsti-xətti var.  Biz beynəlxalq hüquqlarla addımlar atırıq. İndi söz həmən bir sıra deputatların tərəfindədir. Onlar gərək qərara gəlsinlər. Qərəzli mövqe tutmaq, Azərbaycana hücum etmək və mifik fromada sanksiyalara çağırmaq mənasızdır. Bundan əvvəl,dəfələrlə, buna bənzər addımlar atılmq istənilib. Heç birinə də normal reaksiya verilməyib, heç nə də olmayıb. Biz düz yoldayıq. Cənab prezident praqmatik formada öz xarici siyasətini yürüdür və bunun bəhrəsini biz görürük”.

 

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban da qaz nəqlinin dayanmayacağını söyləyib:

 

“İstər Fransa senatının, istərsə də Avropa Parlament Şurasının qəbul etdikləri qərarlar, o cümlədən Azərbaycan Milli Məclisinin bunlara cavab olaraq verdiyi bəyanatları tövsiyə xarakterlidir. Bunlar hökumətə tövsiyə edilir Bu, demək deyil ki, Avropa Komissiyası Azərbaycandan bütün əlaqələrini dayandıracaq.Yaxud Azərbaycandan neft və qaz idxalına sanksiya qoyacaq. İkinci tərəfdən Avropanın qərar qəbul etmə, ölkələrə qarşı münasibətinin mexanizminin necə işlədiyini anlamaq lazımdır. Biz görürük ki, onların hökumətləri, Avropa Komissiyası daha praqmatik, məsələlərə daha soyuqanlı yanaşan, yüz ölçüb,bir biçən qurumdur. Parlamentlər sanki çılğın, emosional, qərəzli qərarlar qəbul edir. Buna görə də qərb idarəçilik modelində parlamentlər insanların içərisində nə var açıb tökə bilər. Bu o demək deyil ki, hökumət onu reallaşdırır".

İ.Şaban vurğulayıb ki, Avropa belə addımlarla ticari əlaqələr üçün daha yaxşı şərtlər əldə etmək istəyir.

 

"Hökumətlər deyirlər ki, sizdə müəyyən problemlər var. Bununla bağlı deputatlar fikirlərini bildirir, qərar çıxarırlar. Biz iqtisadi əlaqələri saxlamaq istəyirik. Bu, növbəti ticari əlaqələrdə daha yaxşı şərtlər əldə etmək üçün ticarət partnyorlarına qarşı atmosfer yaratmaqdır. İnsanlıq yaranandan bu yana söhbət ticarətdən, daha çox qazanmaqdan gedir. Bunun şərti də partnyorlardan endirim almaqdır. Bunun üsullarından biri də məhz Avropanın bizə qarşı tətbiq etdiyi üsuldur. Amerikada da, Avropada da elədir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi