Modern.az

Diktor Zərifə Mahmudova: “Arzularımın kişisi ilə qarşılaşmamışam” - MÜSAHİBƏ

Diktor Zərifə Mahmudova: “Arzularımın kişisi ilə qarşılaşmamışam” - MÜSAHİBƏ

3 Oktyabr 2013, 12:03


Modern.az
saytı bir zamanların məşhur diktor və teleaparıcıları ilə söhbətləri davam etdirir. Budəfəki həmsöhbətimi “karyerasının ən pik nöqtəsində efirdən uzaqlaşanlar” sırasına aid etsək, daha doğru olar. Söhbət AzTV-nin keçmiş diktoru və aparıcısı Zərifə Mahmudovadan gedir. Özü hər şeyi əvvəldən danışır.

- Xarici Dillər İnstitutunda oxuyurdum. Amma tələbə olduğum ilk gündən kinoya olan hədsiz marağıma görə kinoşünas Aydın Kazımzadənin baş redaktoru olduğu “Kino” qəzetində ştatdankənar müxbir işləyirdim. Yazılarım çox rəğbətlə qarşılanırdı O dövrdə çıxan kino jurnallarının abunəçisi idim. Günlərin birində aktrisa Məleykə Əsədovadan müsahibə alırdım. Rəhmətlik Lütfi Məmmədbəyov da orda idi. Lütfi müəllim məni görən kimi dedi ki, “aa Lamiyə”. Əvvəlcə başa düşmədim. Bu arada deyim ki, birinci kursda oxuyanda Ayaz Salayevin “Yarasa” filminə dəvət almışdım və razılıq vermədim. Lütfi müəllim məni “Dodaqdan qəlbə” filmində Lamiyə roluna çəkmək istəyirdi. Dedim ki, evdən icazə verməzlər. Atamın dəmiryolçu olduğunu biləndən sonra dedi ki, mənim həyat yoldaşım da dəmiryolda hüquq-mühafizə sistemində çalışır, istəyirsənsə, özü atanla danışsın. Yenə də razılaşmadım. Məleykə xanıma dedim ki, ingilis dili müəlliməsi olacağam. Amma ən böyük arzum telejurnalist olmaqdır, heç olmasa bir dəfə efirə çıxsam, dərdim olmaz. Məleykə xanım gülümsədi və məni inandırdı ki, səndə alınacaq, müraciət et. Onun mənim telejurnalist olmağımda böyük rolu olub.

Həmin illərdə bizimlə paralel qrupda məşhur şairimiz, AzTV-nin keçmiş sədri Məmməd İsmayılın qızı, telejurnalist İntizar İsmayıl oxuyurdu. İntizar hazırda İTV-də çalışır. O vaxtlar gecə və səhər kanalı vardı, tez-tez efirə çıxırdı. İntizar xanımı tez tez efirdə görürdüm, həsədlə baxırdım. Düşünürdüm ki, nə vaxtsa mən də efirə çıxa bilərəmmi?

Bir gün ürəkləndim və yaxınlaşdım İntizara. O dedi ki, heç bir problem yoxdur. Köməyim bircə o ola bilər ki, səni AzTV-nin giriş qapısından içəri buraxdıra və baş redaktor Bəxtiyar Qaracaya təqdim edə bilərəm. 1995-ci ilin qışı idi. Gəldik televiziyaya, yaxınlaşdım Bəxtiyar Qaracaya. Məni çox gözəl qarşıladılar. Bəxtiyar Qaracaya, İlham Alışanova ömür boyu minnətdar olacağam. Öz istəyimi dedim. Bəxtiyar müəllim dedi ki, balaca bir süjet hazırlayın, əgər alınsa, redaksiyanın qapıları sizin üzünüzə açıqdır. 8 marta yaxın idi. İlk süjetimi Mədəniyyət və İncəsənət Universitetindən hazırladım. O vaxt universitet “Malakan bağı” tərəfdə yerləşirdi. Xanımlardan soruşmuşdum ki, “hansı hədiyyəni gözləyirsiniz”, bəylərə isə “nə hədiyyə edəcəksiniz” sualını vermişdim. Çox həvəsli idim. Hətta xalq artisti Şəfiqə Məmmədovadan da cavab almışdım. O vaxt bizdə Məmmədhüseyn adlı məşhur operator var idi. Balacaboy, sarışın, bir az da əsəbi kişi idi. Süjetin “stand up” hissəsində o qədər həyəcanlanırdım ki, 3-4 cümlə sözü unudurdum, əllərim əsirdi. Axırda yaxınlaşdı dedi ki, “sonucu dəfə çəkirəm, artıq yoruldum. Bu dəfə də çaşsan, çəkməyəcəyəm”. Elə qorxmuşdum ki… Cümlələri birnəfəsə dedim və alındı. Çox undulmaz bir an idi.

- O süjet efirə getdi?

- Süjet 1995-ci ilin mart ayının 5-də efirə getdi və mən ştatdankənar müxbir kimi işə götürüldüm. 1997-ci ildə Bəxtiyar müəllim məni Nizami Xudiyevin yanına apardı. O vaxta kimi Nizami müəllim məni tanıyırdı, süjetlərimi bəyənmişdi. Onda müğənni Rəşad İlyasov da bizdə rejissor assistenti işləyirdi. Hətta Rəşadı diktor götürmək istəyirdilər. Çünki Rəşad gənc və yaraşıqlı oğlan idi. Nizami müəllim məni görən kimi dedi ki, yaraşıqlı qızdır, süjetlərini də bəyənirəm. Ondan sonra diktor kimi fəaliyyətim başladı.

- Deyəsən diktorluqla yanaşı həm də pedaqoqluqla məşğul idiniz..

- Bəli, o vaxt İnşaat Mühəndisləri Universitetində dərs deyirdim. 23 yaşımdan müəllimə işləmişəm. Rektorumuz məşhur professor, istedadlı alim və gözəl insan Qeybulla Qeybullayev idi. Allah ona rəhmət eləsin! 2001-ci ildə ali məktəbdən uzaqlaşdım.

- Yəqin ki, işə təsdiq olunmağınızın da maraqlı tarixçəsi olub.

- Bu, həm də gülməli bir tarixçədir mənim üçün. 1997-ci ilin mart ayının 31-də dərsdən çıxıb gəldim televiziyaya. Birdən mənə dedilər ki, sədr səni qəbul edəcək, ştata götürülürsən. Bu mənə çox böyük sürpiz idi. Amma bilirdim ki, sədrin şalvar geyinən diktorlardan xoşu gəlmir. İş yoldaşım Aida xanım var idi. Onunla geyimlərimizi dəyişdik. Həyatımın ən xoşbəxt anlarından biri idi. Uşaqlıq arzuma çatırdım. Təsəvvür edirsiniz?

- AzTV-dən niyə uzaqlaşdınız?

- Haqsızlıqlar gördüm və uzaqlaşdım.

- Hazırda nə işlə məşğulsunuz?

- Dediiyim kimi AzTV-də işləyə-işləyə müəllimlik fəaliyyəti ilə məşğul olurdum. Hətta tələbə ikən balaca uşaqlara dərs keçirdim.

- Diktorluqdan uzaqlaşdırılmağınızın səbəbi nə idi?

- Diktor şöbəsi bağlandı və diktorlar müxtəlif redaksiyalara göndərildi. Daha çox musiqili və əyləncəli verilişlər aparırdım. Xüsusi buraxılışları, prezidentin çıxışlarını biz elan edirdik.


- Nə qədər maaş alırdınız?

- Yadımda qalmayıb. Təxminən indiki pulla 100-150 manat. Həm də dərs deyirdim . Diktor idim, hər kəs tanıyırdı, amma müəllimlik sənətini də buraxmırdım. Düzdür, heç bir iş yerimdən yüksək əməkhaqqı almırdım. Qazancım ancaq geyimimi “görürdü”. Çünki bizə geyim verilmirdi, özümüz alırdıq. Çox nadir hallarda Yeni il çəkilişlərində geyim verirdilər.

- Bütün kollektivlərdə belə bir yazılmamış qayda var. Köhnələr təzələri qəbul etmirlər…

- Bəlkə də təzə gələndə ola bilərdi. Amma sonradan o kollektivdəkilər mənim doğmalarıma çevrildilər. Ofeliya Sənani mənim müəlliməm idi. Yeni gələnlərin hərəsini bir köhnə diktora təhkim edirdilər. Məni də Ofeliya xanıma təhkim etmişdilər. O vaxt rəhmətlik Valid Sənani də sağ idi. Valid müəllim dedi ki, nə problemin olsa, bizə yaxınlaş.

- Niyə yenidən efirə qayıtmırsınız?

- Belə bir fikrim var. Buna həm xarici görünüşüm, həm də qabiliyyətim imkan verir. Digər aparıcılardan üstünlüyüm odur ki, ingilis dilini səlis və təmiz bilirəm.

- Sanki görkəminizdən çox razısınız.

- O qədər də razı deyiləm. Mənə elə gəlir ki, formamı çox da itirməmişəm. Mənim də xarici görünüşümlə bağlı kompleksim və çatışmazlıqlarım var.

- İndi dəvət etsələr gedərsiniz?

- AzTV-yə getmərəm. Çünki ordan ürəyim qırılıb. Digər telekanallardan dəvət olsa gedərəm.

-Təklif olub?

- Olmayıb. Doğrusu, hardasa unudulmuşam. Bunun da günahkarı özüməm. AzTV-dən uzaqlaşandan sonra elə bildim ki, həyat bitdi. Ona görə də heç bir kanala müraciət etmədim. Sonralar bir-iki telekanala müraciətim oldu. Dedilər ki, adamın olmalıdır. Başa düşmürəm, bu qədər televiziya təcrübəsi olan birinə nə adam? Televiziya işini təmiz bilirəm. Həyatımın ən gözəl gənclik illərini orda keçirmişəm.

- Hazırda repetitorluqla məşğulsunuz səhv etmirəmsə…

- Yox, özümün balaca bir kursum var və o kursun rəhbəriyəm. 10-15 tələbəm var, işimi də çox sevirəm.

- Hər gün işləyirsiniz?

- Demək olar ki. Arada istirahətə də vaxt tapıram.

- Hazırlaşdırdıqlarınız məktəblilərdir?

- Beş yaşında da tələbəm olub, 80 yaşında da.

- İndi AzTV-yə baxırsınız?

- Elə də yox. Demək olar ki, AzTV-yə baxmıram.

- Niyə?

- Çünki AzTV məni tamaşaçı kimi heç nə cəlb etmir. Ən çox ANS-ə baxıram.


- Bəlkə özünüz orda deyilsiniz ona görə.

- Əsla. Əgər tamaşaçı kimi nəsə cəlb edərsə, oturub baxacağam. Niyə digər telekanallara baxıram? Bizim bütün telekanallar AzTV-dən bəhrələnirlər, flaqmandır. Təbii ki, orda ciddilik qalır.

- Darıxırsınız ora üçün?

- Efir üçün darıxıram. Özümü sudan çıxmış balıq kimi hiss edirəm.

- Sanki tanınmaq “xəstəliyi” var sizdə.

- Əksinə diqqət mərkəzində olmağı sevmirəm. Efirə çıxıb öz sözümü demək, ürəyimdəkiləri ifadə etmək istəyirəm.

- Mənə elə gəlir ki sizin efir həvəsiniz təxminən belə olub-gənc qızam, daha çox tanısınlar, elçi gəlsinlər.

- Qətiyyən. Aktiv efirdə olmuşam, səhər, günorta, axşam efirdə idim. “Səhər” verilişinin aparıcısı olmuşam. Bəzən gecə səhərə kimi ssenari yazırdım, 7-də evdən məni maşın götürüb efirə aparırdı. Bir maşın təyin olunmuşdu, bütün aparıcıları səhər evdən götürürdü. O vaxt ciddilik var idi, artıq söz deyə bilməzdin, səliqəli geyinməliydin. Açıq-saçıqlığa qətiyyən icazə verilmirdi.

- Görünür o qədər də yadda qalmamısınız ki, digər telekanallardan təklif gəlməyib.

- 2000-ci ildə diktor şöbəsi bağlananda müxtəlif redaksiyalara göndərildik. O beş il mənim karyerama son qoydu. Çünki efirə buraxmırdılar. Baş redaktora xüsusi göstəriş verilirdi ki, filankəsləri efirə buraxma, hətta işdən uzaqlaşdır.

- Filankəslər kim idi?

- Mən və digər uzaqlaşdırılan xanımlar.

- Səbəb?

- Bilmirəm. Kim bir il efirə çıxmasa, unudulur. Amma hələ də məni tanıyanlar var. Efirdən uzaqlaşdırılanda mənən öldüm.

- Niyə mətbuatla əməkdaşlıq etmirsiniz?

- Məndə küskünlük yaranıb. Amma ingilisdilli qəzetlərdə yazılarım çıxıb.

-Bu yeri icarəyə götürmüsünüz yəqin ki. Nə qədər xərciniz çıxır?

- Normal. Gələcəkdə şəxsi biznesimi qurmaq istəyirəm. İstəyirəm öz şəxsi dil kursum olsun, bir neçə müəllim çalışsın. Pul hamıya lazımdır, amma insanlara köməyin də dəyməlidir. Mən dinə bağlı insanam.

- İbadət edirsiniz?

- Namaz qılmışam, indi qılmıram. İnşallah yenidən başlayacağam. Oruc da tuturam. Bacardığım qədər ehtiyacı olan insanlara kömək edirəm.

- Görünüşünüzdən bir az da slavyanları xatırladırsınız.

- Ulu nənəm rus olub.

- Jurnalistikadan birdəfəlik uzaqlaşdınız?

- Yox. Sizə bir sirr açım ki, ürəyimdə bir efir nisgili, həsrəti var. Özümü çox pis hiss edirəm.

- İndiki aparıcılara baxırsınızmı, bəyənirsinizmi?

- Düzünü deyim ki, İntizar İsmayılı bəyənməyimin rəfiqəliyimzə aidiyyatı yoxdur. Onda AzTV məktəbi qalıb. Zaur Baxşəliyevi bəyənirəm. Şou yaratsa da, ağrılı məsələlərə toxunur.

- Onun verilişinin formatı ağrılı məsələlərə toxunmaqdır da.

- Elgiz Əkbəri çox bəyənirəm. Onu anam da bəyənir. Elə bilirəm ki, mənim qohumudur, doğmamdır. Efirdə belə ab-hava yaradır. Bu adı çəksəm bəzi adamlar deyəcək ki... Ülvira Qarayeva da xoşuma gəlir, səmimidir. İnsanlarda səmimiyyətə üstünlük verirəm. Ola bilər ki, bu insanlar işlərini peşəkar yerinə yetirə bilmirlər. Elə zəmanədə yaşayırıq ki, tamaşaçıya səmimiyyət lazımdır.

- Bəyənmədiyiniz kimlərdir?

- Bəyənmədiyim deməzdim. Məsələn “Space”də Günel Həsənzadə var, yemək verilişləri aparır. O xanımı bəyənmirəm. Şəxsi tanışlığım yoxdur. Sadəcə o xanımın söz ehtiyatı tükənib. Yaxşı da xanımdır, amma üzərində işləməlidir. Neçə illərdir eyni çərçivədədir-yemək verilişi, “Banu”... Eyni sualları verir. Bəlkə də özü hiss etmir. “Banu” verilişində də eyni sualları verir. İstedadlı, gözəl gənc xanımdır. Yaşlı diktorlar həmişə bizə deyirdilər ki, çoxlu kitab oxu, başqa telekanallara bax.

- Kitab oxuyursunuz?

- Oxuyuram, amma ingilis dilində. Hazırda Şarlotta Brottinin “Ceyn Eyr” əsərini oxuyuram. Əsər gənc bir xanımın keşməkeşli taleyindən və böyük sevgidən bəhs edir. İngilis dili mənim ikinci ana dilimdir.

- Niyə tərcüməçi kimi işləmirsiniz? Həm də tərcüməçilər yüksək əməkhaqqı alırlar.

- Sinxron tərcümələrə dəvət alıram. Yazılı tərcümə mənimçün maraqsız və sıxıcıdır.

- Sinxron tərcümə saatladır. Qonorar qane edir?

- Məni dəvət edənlər dost tanışlardır. Saatı 100 manat da olur, 300-də. Bəzən tələbələrimin imkanı çatmayanda onlara da güzəştə gedirəm. Məsələn, 100 manatlıq kursu 80 manata keçirəm. Həyatda hər şey pulla ölçülmür ki. İnsanlıq və dostluq deyilən bir şey də var. Səmimi dostluq və insanlıq mənimçün bu dünyada misilsiz bir şeydir.

- Keçmiş diktorlarla əlaqəniz var?

- Hərdən Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva ilə ünsiyyət saxlayıram. O çox pozitiv və həmişəcavan xanımdır.

- Heç şəxsi həyatınızdan danışmadıq.

- Hazırda subayam. Sevdiyim bəy də yoxdur. Amma məni sevən oğlanlar var. Düşünürəm ki, hər bir xanım sevilməyə, əzizlənməyə, dəyər verilməyə layiqdir. Yəqin ki, nə vaxtsa mən də öz ağ atlı oğlanımla rastlaşaram və arzusunda olduğum ailəni quraram. Çünki ən böyük arzum gözəl ailə və övlad sahibi olmaqdır. Ana olmaq istəyi var qəlbimdə. Amma yalnız və yalnız öz sevib-seçdiyim, ürəyimə yatan, mənə yaraşan, qəlbində Allahı sevən, Allahdan qorxan, mərhəmətli, xeyirxah biri ilə ailə qurmaq istəyirəm. Özüm kimi olsun və məni tamamlasın o insan. Məhz bunu istərdim, İnşallah.
Bəzən dostlarım, rəfiqələrim deyir ki, sən çox kaprizli insansan, sənə heç kimi bəyəndirmək olmur. Bu isə mənim xətrimə dəyir. Onlar anlamırlar ki, mən hələ də arzularımın kişisi ilə qarşılaşmamışam. İngilis dilində buna “My Dream Man” deyirlər. Hər kəs xoşbəxt olmaq istəyir, o cümlədən də mən. İnşallah, bir gün mən də arzularıma çataram.





İntiqam Valehoğlu

Fotolar müəllifindir

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi