7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) artıq ilkin nəticələri açıqlayıb. Belə ki, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,12 % səs toplayaraq qələbə qazanıb.
İlkin nəticələr açıqlanadıqdan sonra digər namizədlər İlham Əliyevə zəng edərək, qələbə münasibətilə onu təbrik ediblər.
Maraqlıdır, namizədlər prezidentlə birbaşa, yoxsa onun köməkçisi vasitəsi ilə danışıblar?
Modern.az saytı bu suala cavab almaq üçün namizədlərlə əlaqə saxlayıb.
Prezidentliyə namizəd, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, o, İlham Əliyevlə şəxsən danışıb.
Prezident seçkisində 0,53 faizlə (26 561 səs) sonuncu yeri tutan namizəd Fuad Əliyev də İlham Əliyevlə şəxsən danışdığını söyləyib.
"Təbii ki, Prezidentin özü ilə danışdım və təbrikimi çatdırdım. O da buna görə öz təşəkkürünü bildirdi", - o deyib.
Prezidentliyə namizədliyi Böyük Azərbaycan Partiyasından irəli sürülən Elşad Musayev İlham Əliyevlə danışdığını və dövlət başçısının onu yaxşı seçki kampaniyası apardığı üçün təbrik etdiyini vurğulayıb:
"Əlbəttə, cənab İlham Əliyevin özü ilə danışdım. Köməkçisi əlaqələndirdi. Təbrikimi ona şəxsən çatdırdım. O da təşəkkürünü bildirdi və yaxşı seçki kampaniyası apardığım üçün məni təbrik etdi".
MSK-nın Seçkilər İnformasiya Mərkəzinin məlumatına görə, hazırda dairələrdən daxil olan protokollara əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimidir:
- İlham Əliyev – 92,12 faiz (4 577 693 səs) ;
- Zahid Oruc - 2,17 faiz (107 877 səs);
- Fazil Mustafa – 1,98 faiz (98 623 səs);
- Qüdrət Həsənquliyev - 1,72 faiz (85 607 səs);
- Razi Nurullayev - 0,80 faiz (39 797 səs);
- Elşad Musayev - 0,66 faiz (32 956 səs);
- Fuad Əliyev - 0,53 faiz (26 561 səs).
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar səslərin sayılması fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.