Səmayə Məmmədova: “İngiltərədə bu bir il mənim üçün çox yaxşı keçdi”
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bir illik fasilədən sonra iş başına qayıdıb. Oktyabrın 1-dən etibarən o, yenidən öz vəzifəsini icra edir. Keçən ilin sentyabrında təhsili ilə əlaqədar İngiltərəyə yollanan Səmayə Məmmədova Modern.az saytına müsahibə verib.
– Səmayə xanım, ilk növbədə təhsil aldığınız universitet haqda məlumat verərdiniz?
– Mən İngiltərənin Nyukasl Universitetində dövlət proqramı çərçivəsində media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə magistr təhsili aldım.
– Bəs magistr təhsilinizi niyə ölkəmizdə deyil, xaricdə almağa qərar verdiniz?
– Sadəcə olaraq hamı istəyir ki, daha çox inkişaf eləsin. Avropada təhsilə hər kəsin marağı var. İstənilən gəncə sual versək ki, xaricdəki təhsil almaq istəyirsənmi, o əlbəttə, “bəli” cavabı verəcək. Çünki həm dil, həm təhsilin keyfiyyəti və sənə verdiyi imkanlar baxımından xaricdə təhsil almaq çox perspektivlidir. Və gələcək üçün sənə müsbət imkanlar da yarada bilər. Ona görə məndə xaricdə təhsil almağa qərar verdim. Bu həm də mənim öz sahəm üzrə əsl mütəxəssis kimi formalaşmağımda çox müsbət rol oynadı. Şükürlər olsun ki, bu gün buna az da olsa nail ola bilmişəm.
– Sizcə, bizim təhsillə xarici təhsil arasında nə kimi fərqlər var?
– Mən ali təhsilimi 2003-cü ildə bitirmişəm. Oxuduğum Bakı Slavyan Universitetində çox yüksək səviyyədə tədris mövcud idi. Xaricdəki təhsil sistemi ilə burdakı təhsili müqayisə edəndə təbii ki, fərqi görməmək mümkün deyil. Həm dərslərin keçirilmə praktikası, həm də tədrisdə olan üstünlüklər baxımından bəzi fərqlər ortaya çıxır.
– İngiltərədə olduğunuz müddətdə dostlar qazandınızmı?
– Bizim orda çox yaxşı, mehriban və savadlı gənclərimiz var. Hamımız eyni universitetdə müxtəlif sahələr üzrə təhsil alırdıq. Səmimi olaraq onların hər birini tanıdığım üçün sevinirəm. O ki qaldı əcnəbilərə, onlar arasında da çox yaxşı dostlar qazandım. Bizə “kreativ” qrup deyirdilər. Çünki sahəmiz media, jurnalistika və ictimaiyyətlə əlaqələr (PR) idi. PR layihələrin yazılması, müxtəlif layihələrin konsepsiyasının və ictimaiyyətə olan təqdimatının detalları ilə işlənilməsi, PR mütəxəssis olaraq çalışacağımız qurumun daim ictimaiyyət arasında nüfuzunun müsbət mənada qorunub saxlanılması, hər hansı böhran hallarında qurumun PR mütəxəssisi olaraq mühüm addımların atılma konsepsiyasının işlənib hazırlanması və digər maraqlı, eyni zamanda mühüm sahələr üzrə dərslərimiz olurdu. Bununla yanaşı, jurnalistikanın incəlikləri, media ilə münasibətlər, dövlət və QHT-də media işinin qurulması və s. kimi maraqlı sahələr üzrə dərslər keçirdik. Tələbələrin sərbəst şəkildə çalışmaları ilə yanaşı eyni zamanda qrup halında müxtəlif layihələr işləyərək təqdim etmələri üçün də maraqlı imkanlar olurdu ki, bu da bir birimizlə olan ünsiyyətə, daha yaradıcı fəaliyyətə böyük imkanlar açırdı. Qrupumuzda müxtəlif ölkələrdə olan tələbələr təhsil alırdı. Mən özüm Nigeriyadan, Rusiyadan, Yunanıstandan, Hindistandan çoxlu dostlar qazandım. Onu deyə bilərəm ki, bu bir il mənim üçün çox yaxşı keçdi. Həm təhsil, həm təcrübə, həmdə yeni dostlar qazanmaq baxımından.
– Azərbaycan mətbəxinə, ya xarici mətbəxə üstünlük verirdiniz?
– İmkan tapdıqda milli mətbəximizə üstünlük verirdim. Düzü, bunun üçün anama minnətdaram. Məhz o, “Skype” vasitəsi ilə öz məsləhətlərini verirdi. Əgər elə olmasa idi, çətin ki, bunu bacara bilərdim. Bayramlarımızda, ad günlərimizdə öz milli mətbəximizə mütləq üz tuturdum.
– Bəs hansı yeməyi hazırlamaqda çətinlik çəkirdiniz?
– Əfsus ki, xəmir xörəkləri hazırlaya bilmirdim.
– Adət-ənənələrimizdə hansısa oxşarlıqlar varmı?
– İngilislər çox mehriban, gülərüz, yardım sevər insanlardır. Orada olduğum müddətdə iki qonşum olan yaşlı xanımlar – Barbara və Ronnidən o qədər doğma, mehriban münasibət gördüm ki, bunu heç bir zaman unuda bilmirəm. Hətta Barbara və mən ad günümüzü də birgə qeyd etdik. Müəllimlərimiz də diqqət və qayğılarını bizdən əsirgəmirdilər. Onlar da gözəl anlayırdılar ki, burada müxtəlif ölkələrdə, müxtəlif adət ənənələrdən olan tələbələr təhsil alır.
– Hazırda işinizin başındasınız. Bundan sonra nə etməyi düşünürsünüz?
– Gənclər və İdman Nazirliyi daim maraqlı layihələrə imza atan qurum olub. Qarşıda Avropa Olimpiya oyunları da gəlir. Təbii ki, mənim üçün bu layihələrin hər birinə bacarıq və imkanlarım ilə töhfə vermək qürurverici anlar olacaq.
Pərvin ARZUQIZI