Modern.az

Deputat Eldar Quliyev: “Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib “göydələnlər”dən yer istəmişik”

Deputat Eldar Quliyev: “Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib “göydələnlər”dən yer istəmişik”

Parlament

5 Oktyabr 2013, 10:16

“Azərittifaq” sədri: “Əhalinin ərzaqla təminatına dair yeni proqram hazırlanır”

“Bu gün qeyri-neft sektorunda bizim üçün ən əhəmiyyətli olan, Azərbaycan tələbatının təminatında mühüm rol oynayan aqrar sahədir. Ən böyük amalımız budur ki, ölkədə bolluq yaradaq, bununla insanların ərzağa olan tələbatını vaxtlı-vaxtında, həm də yüksək keyfiyyətli məhsullarla, aşağı qiymətlərlə təmin edək”. Bu sözləri Modern.az-a açıqlamasında “Azərittifaq” İdarə Heyətinin sədri, deputat Eldar Quliyev deyib. O, qeyd edib ki, istehsalçıların məhsullarının vaxtında alınıb, istehlakçılara da çatdırılması prosesi uzun illərdən bəri Azərbaycanda normal şəkildə həyata keçirilib.

“Çox təəssüflər olsun ki, son illər də istehsalçının istehsal etdiyi məhsulun istehlakçıya çatdırılmasında müəyyən problemlər yaranıb. Bunun birinci səbəbi normal bazarların, satış yerlərinin olmamağıdır. Digər tərəfdən, bu məsələ ilə məşğul olan ayrıca qurum yoxdur. Azərbaycan 20 ildən çoxdur ki, müstəqildir və hər bir tədarükçü, iş adamı məhsul alqışı-satışı ilə məşğul ola bilər. Yeganə çətinlik bu gün məhsulun alınıb istehlakçıya çatdırılması üçün açıq satış bazarlarının olmamasıdır. Üstəlik, bölgələrdə fəaliyyət göstərən soyuducu anbarlarda saxlanılan məhsulların saxlama xərclərinin baha olması onların maya dəyərinin üstünə gəlir və satışda problem yaradır. İkinci mühüm problem isə kənardan gələn aqrar məhsulların Azərbaycan bazarına daxil olmasıdır”.

E.Quliyev bildirib ki, sovet dövründə məhsulların tədarükü bilavasitə “Azərittifaq”a tapşırılmışdı. “Məhsulun bir hissəsi emal müəssisələrinə gedirdi, bir hissəsi şəhərə gətirilib, kooperativ ticarət təşkilatlarına verilirdi, bir hissəsi isə “Azərittifaq”ın bazarlarda olan satış yerlərinə verilirdi. Bazarlar özəlləşdiriləndən sonra isə bu satış məntəqələri “Azərittifaq”ın tərkibindən çıxdı. Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə fəaliyyət göstərən meyvə-tərəvəz mağazaları isə ləğv edildi”.

“Azərittifaq” rəhbəri hesab edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən Bakıda yeni tikilən çoxmərtəbəli binaların birinci mərtəbələrindəki yerlər icarədarlara icarəyə verilsə, onlar yaxşı marketlər yaradıb kənd təsərrüfatı məhsullarını satışa çıxarıla bilər.
“Bu gün bazarlarla rəqabət yaradılması üçün belə bazarların fəaliyyət göstərməsi vacibdir. Xaricdə belə təcrübə var. Avropa ölkələrinin əksəriyyətində şənbə və bazar günləri böyük yarmarkalar təşkil edilir, məhsullar bazar qiymətlərindən 25-30 faiz ucuz satılır və əhaliyə yüksək səviyyədə xidmət göstərilir. Məhsullar yoxlanılır və satış yerləri də təmiz olur. Mən Bakıda belə satışın tərəfdarıyam”.

Deputat qeyd edib ki, “Azərittifaq” yeni proqram hazırlayırlar və yaxınlarda ictimaiyyətə təqdim ediləcək. “Biz dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə müraciət etmişik ki, hər rayonda tikilən “göydənlər”dən bizə heç olmazsa 1500-2000 kvadrat metrlik bir yer verilsin, biz orada müasir şəkildə bu gün tələbatlara uyğun olaq market yaradaq və kənd təsərrüfatı məhsulları burada sərbəst satılsın”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...