Modern.az

Şəhid Amalın qardaşına onun adı veriləcək - Atası DANIŞDI

Şəhid Amalın qardaşına onun adı veriləcək - Atası DANIŞDI

14 Fevral 2024, 09:40

Xəbər verdiyimiz kimi, bu gün Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.

 

Amalın anası Alişanlı Heyranə Zəbulla qızı bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə sağlam körpə dünyaya gətirib.

 

Modern.az şəhidin atası Seyfəddin Alışanlı ilə əlaqə saxlayıb və onun təəssüratlarını öyrənib.

 

Seyfəddin Alışanlı saytımıza açıqlamasında sevincli və həyəcanlı olduğunu söyləyib: 

 

“Oğlumu həmişə yad edirəm. Hər saniyə yadımdadır. Onun xatirələri mənim yaddaşımdan silinə bilməz. Allah Amalın timsalında bütün şəhidlərimizin məqamını uca etsin. Bu sevincli günlərimizi şəhidlərimizə borcluyuq.

 

Çox həyəcanlıyam. Çünki bu gün Amalın qardaşı dünyaya gəlib. Sevinc hissi keçirirəm. Bu günki sevinci Allah mənim timsalımda hər kəsə qismət etsin. Olmayanlara nəsib olsun. Amalın həyata keçməyən arzularını Allah bizə qardaşından görməyi nəsib etsin”, - o belə deyib.

 

Şəhidin atası bildirib ki, qardaşına Amalın adını qoyacaqlar:

 

“Oğlumuzun adını Amal qoyacağıq. Oğlumun gələcəkdə dövlətinə, millətinə, ailəsinə sadiq, qardaşı kimi bir qəhrəman olmasını istəyirəm. Adı qardaşı kimi yüksəklərdən gəlsin. Təhsilli, ailəsinə, millətinə daşıdığı ada layiq övlad olsun”. 

 

Qeyd edək ki, Amal Alişanlı 2020-ci ilin 2 oktyabr tarixində Cəbrayılın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə” ,”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri