Modern.az

Ekspet magistr imtahanlarının modelini tənqid etdi: “Kimin pulu varsa...”

Ekspet magistr imtahanlarının modelini tənqid etdi: “Kimin pulu varsa...”

Təhsil

14 Fevral 2024, 09:24

Dövlət İmtahan Mərkəzi (DİM) dünən ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Modern.az-ın məlumatına görə, ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanında bakalavrlar riyazi məntiq, informatika və xarici dildən müxtəlif tipli 95 test tapşırığına cavab verib, 5 ballıq esse yazıblar.


Təhsil eksperti Kamran Əsədov magistratura imtahan modelində istifadə olunan test tapşırıqlarından danışıb:

“51 ali təhsil müəssisəsinin heç birinin tədris proqramında riyazi məntiq yoxdur. Ali təhsil müəssisələrində məntiq fənni var və bu 1 semestr keçirilən, bir çox universitetdə seçmə fənn kimi təqdim olunan 2-ci dərəcəli fəndir, bəzən heç imtahan da olmur.

İnformatika fənni də 1 semestr tədris olunur (ixtisas fənni istisna olmaqla), xarici dil isə maksimum 2 semestr tədris olunur, amma çox zəif.

İndi bakalavra tədris olunmayan fənlər, öyrədilməyən biliklər və formalaşdırılmayan bacarıqları necə yoxlamaq olar?

Bu, birbaşa bütün bakalavrların repetitor yanına, hazırlıq kurslarına yönəlməsi deyilmi?

Kimin pulu varsa, bahalı kursa gedib, yaxşı bal toplasın, pulu olmayan kənarda qalsın?”.
 

K.Əsədov deyib ki, magistratura pilləsinə qəbul imtahanının nəticələri, bu imtahanda tələbənin topladığı bal ali təhsil müəssisələrinin nəticəsi, əziyyəti deyil. Çünki bu imtahanının proqramını, imtahan suallarını universitet tədris etmir.
 

“İmtahanda riyazi məntiq suallarını texniki və təbiət fənlərinin məzunları yaxşı yaza bilər, amma humanitar, kənd təsərrüfatı kimi ixtisasların məzunları əziyyət çəkir.

Ümumiyyətlə, bu model imtahan nəticəsi ilə biz elm adamlarını, gələcəyin tədqiqatçılarını seçə bilmərik.
Mütləq şəkildə ixtisas fənlərindən test tapşırığı olmalıdır.

Bundan əlavə, esse yazma tələb olunur. Ali təhsil müəssisələrinin esse ilə bağlı tədris proqramına baxdım, onlar hələ inşa ilə essenin fərqini müəyyən edə bilməyiblər.

Əsas da DİM imtahanda esse tələbi ilə bakalavrların ciddi bal itkisinə səbəb olacaq.

Bəli, gələcəyin tədqiqatçıları akademik yazını bilməlidir, amma bu bacarıqlar öncə formalaşdırılmalı, ondan sonra yoxlanılması və ölçülməsi mümkündür.

Ali təhsil müəssisələrində indiyə qədər magistratura imtahanının nəticələri tədqiq olunubmu?”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi