Azərbaycanla münasibətlərimizi daha da dərinləşdirmək istiqamətində imkanlar var.
Modern.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi yerli mediaya açıqlamasında deyib.
O, Azərbaycanda fəaliyyətə başlamağından məmnun olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, ABŞ-nin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, Ukraynaya humanitar yardım kimi sahələrdə əməkdaşlığı, prioritetləri var.
Səfir keçən aylar ərzində Azərbaycan-ABŞ münasibətlərində müəyyən anlaşılmazlıqların, əlaqələrdə gərginliyin olduğunu və Azərbaycan tərəfindən tənqidlər səsləndiyini qeyd edib: “Biz Azərbaycanı hər zaman müstəqil, güclü, heç bir qonşusunun təzyiqinə məruz qalmayan və qonşuları ilə sülh şəraitində yaşayan ölkə kimi görmək istəyirik. Bu, həm ABŞ-nin, həm də Azərbaycanın marağındadır”.
Diplomat əlavə edib ki, onun gündəliyi müsbətdir: “Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışmağa davam edəcəyəm”.
Səfir Mark Libbi son günlər Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib.
“Belə insidentlər vəziyyətin daha da pisləşmə ehtimalını göstərir. Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq”, - ABŞ səfiri vurğulayıb.
Diplomat onu da qeyd edib ki, ABŞ hər zaman Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyıb: “Biz Azərbaycanın ərazisində hər hansı qurumu tanımamışıq və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT qətnamələrinə səs vermişik”.