Modern.az

Xalqımız əmindir ki, İlham Əliyev dövlətimizə yeni qələbələr qazandıracaq

Xalqımız əmindir ki, İlham Əliyev dövlətimizə yeni qələbələr qazandıracaq

15 Fevral 2024, 21:38

“Azərbaycanın tarixində yeni dövr başlayıb. 7 fevralda keçirilmiş prezident seçkiləri bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Prezident seçkilərinin ilk dəfədir müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi tarixi hadisədir. Məhz bu səbəbdən də, budəfəki seçkilər cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirilir və 7 fevralda xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə böyük inamını növbəti dəfə ifadə etdi. Prezidentimiz cənab İlham Əliyevin Xankəndində səs verməsi isə rəmzi məna daşıyır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırlanırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi.

 

Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr, gələcək hədəflər barədə ətraflı bəhs etdi. Əminik ki, dövlət başçısının liderliyi ilə qarşıda duran vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək. Son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq. Prezident İlham Əliyev qurucu Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını növbəti dəfə fevralın 7-də keçirilən prezident seçkilərində ifadə etdi və Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi. Beləliklə, seçkilərin nəticələrində Xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir. Bu birlik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi. 7 fevral seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Prezident İlham Əliyevin son 20 ildə apardığı siyasət müxtəlif milli, dini mənsubiyyətə malik insanları ayıran yox, birləşdirən bir siyasət olub. Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir. Bütün bunların fonunda xalqımız 7 fevral seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək öz Liderinə sarsılmaz inamını bir daha nümayiş etdirdi.

 

“Prezident İlham Əliyev çıxışında yeni hədəfləri açıqlayıb”-deyən Fatma Yıldırım əlavə edib ki, bu hədəflər sırasında işğaldan azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur. Çıxışı zamanı bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”. Yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti keçmiş məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sevindirici haldır ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. İlk köç karvanı “Ağıllı kənd” konsepti ilə bərpa olunan Zəngilan rayonunun Ağalı kəndinə yola salındı. Talış kəndində məskunlaşma reallaşdırılıb. Artıq bərpa olunan şəhərlərin də məskunlaşdırlmasına start verilib. “Heydər Əliyev İli”ndə baş verən mühüm hadisələr sıarasında Laçına ilk qayıdışı xüsusi qeyd edə bilərik. Ötən il mayın 28-də - Müstəqillik günündə xalqımız ikiqat sevinc hissi yaşadı. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz qürur duyduğumuz müstəqillik günündə doğma torpaqlarına qayıtdılar. Bu, Laçına böyük köçün başlanğıcı idi. Laçının Zabux kəndi də qayıdışın sevincini yaşayır. Məskunlaşdırılmasına start verilən şəhərlərimizdən biri də Füzulidir. İşğal illərində tamamilə dağıdılan bu şəhər də yenidən qurulur. Füzuli şəhərinin məskunlaşdırılmasına ötən ilin avqust ayında başlanıldı. Doğma yurd yerlərinə qayıdan soydaşlarımız özlərini çox xoşbəxt hiss edirlər. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla getdiyini deyən Prezident İlham Əliyev bildirib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərimiz tezliklə cənnətə çevriləcək.

 

Deputat diqqətə çatdırıb ki, qarşıdakı hədəflər sırasında türk dövlətlərinin birliyinin gücləndirilməsi də xüsusi yer tutur. Bununla bağlı Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizin başçısı bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Xalqımız əmindir ki, Prezident İlham Əliyev qarşıya qoyulan bu kimi yeni hədəflərə çataraq dövlətimizə yeni qələbələr qazandıracaq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər