Modern.az

Bir ailənin 5 üzvünün öldürülməsi: Cəmiyyəti narahat edən əsas PROBLEM

Bir ailənin 5 üzvünün öldürülməsi: Cəmiyyəti narahat edən əsas PROBLEM

19 Fevral 2024, 11:36

Ötən həftə Bakıda baş verən hadisə son illərin ən dəhşətli cinayətlərindən biri hesab edilir. Belə ki, paytaxtın Xətai rayonunda 25 yaşlı Əhməd Əhmədov ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. O, şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib və məhkəmə onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.


Hadisədən 3 gün keçməsinə baxmayaraq cəmiyyətdə cinayətlə bağlı ciddi müzakirələr gedir. Həm cinayətin motivi, həm də cinayətdə şübhəli bilinən Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, taksi fəaliyyəti ilə məşğul olması barədə iddialar ətrafında müzakirələr səngimək bilmir.

 

Modern.az hadisə ilə bağlı müxtəlif sahələri təmsil edən şəxslərin fikirlərini öyrənib.


Saytımıza açıqlamasında həkim-psixiatr Azad İsazadə bildirib ki, psixoloji problemlə psixiatrik problemi ayırd etmək lazımdır:

 

“Psixoloji problemlə biz hamımız rastlaşa bilərik. Müəyyən psixoloji problemin təsiri altında hansısa hərəkətlər edilə bilər. Psixi xəstənin isə hərəkətləri özündən asılı olmur. Xəstə beynində başlayan proses nəticəsində məntiqsiz hərəkətlər edir. Məsələn, onlar səslər eşidirlər. Eşitdikləri səslər oları idarə edir, əmr verə bilir. O əmrləri mütləq etməlidirlər. Onlarda sayıqlamalar, şübhələr yaranır. 


Mətbuatda olan məlumata görə, Əhməd Əhmədov Moskvada psixiatrik xəstəxanada müalicə olunub. Evdə hansına dərmanlar qəbul edib. Hətta yazılmışdı ki, Bakıda da xəstəxanada yatıb. Anasının təkidi ilə vaxtından tez evə buraxılıb. Belə bir qayda var, əgər valideyn tələb edirsə, yazılı formada məsuliyyəti öz boynuna götürürsə, xəstəxanadan onu buraxmağa ixtiyarları var”.

 

Bir çoxları belə fikirlər səsləndirir ki, əgər şübhəli şəxs ruhi xəstədirsə, niyə digər insanlara yox, təkcə ailə üzvlərinə qarşı bu hərəkəti edib. Azad İsazadə bu məsələyə də aydınlıq gətirib:

 

“Ruhi xəstələrdə belə bir sindrom var ki, onlar məhz valideynlərə qarşı müxalif davranırlar. Onlar üçün ətrafda hər kəs yaxşı olur, hər kəslə mehriban olurlar. Bu şəxslər üçün təkcə ata, ana, bacı, qardaşları düşmən olur. Onlara düşmən gözü ilə baxır. İstisna etmirəm ki, biz bu vəziyyətlə rastlaşmışıq. Sözsüz ki, sonuncu sözü psixiatrik ekspertiza söyləyəcək. Bu təxminən bir aya qədər çəkə bilər. Hər şey aydındırsa, ambulator formada diaqnoz qoyulub, nəticə çıxarıla bilər. Məsələ ictimaiyyəti çox gərginləşdirib, narahat edib. Ümid edirəm ki, bizə ətraflı məlumat veriləcək.

 

Təəssüflə qeyd etməliyik ki, cəmiyyətimizdə psixiatrik müalicəyə qarşı stiqma var. Psixiatr yanına getməyi xoşlamırlar, ayıb sayırlar. Gizlədirlər problemi ümid edirlər ki, özü-özünə düzələr. Çox vaxt “orada ağır dərman verəcəklər”, “pis vəziyyət düşəcək” kimi ifadələr eşidirəm. Bunların nəticəsində belə bir faciə baş verib. Psixiatrik  dinaqnoz qoyulsa,  ömrünün yarısını məcburi psixiatrik müalicədə keçirdəcək. Ancaq ruhi xəstədirsə, zamanında müalicə olunsaydı, sözsüz ki, belə faciə olmazdı”.

 

Sosioloq Əhməd Qəşəmoğlu isə illərdir cəmiyyətin getdikcə mürəkkəbləşdiyini, həssaslaşdığını söyləyib.

 

“Bu hadisələri başlı-başına buraxmaq olmaz. Hadisələr başlı-başına buraxıldığı üçün daha dəhşətlisi yaşanır. Vəziyyət nəzarət altında olmalıdır. Belə olmadıqda cəmiyyətdə proseslər arzuolunmaz səviyyədə inkişaf edir. 
Hər bir insanın, sosial qrupun davranışına təsir edən 4 mühüm amil var. İnsanın öz şəxsi psixoloji xüsusiyyətləri, insanın yaşadığı mühit, aldığı informasiyalar, insanın üstünlük verdiyi dəyərlər. Əgər bizim elmi mərkəzlərimiz olarsa, cəmiyyətdə bu istiqamətdə tədqiq edilərsə, ölkədə humanitar siyasət formalaşsa, belə axmaq hadisələrin qarşısı alınar. Bunlar olmadıqca ilbəil artacaq.  Bildirilir ki, qətli törədən Əhməd Əhmədovun  psixoloji problemi olub”. 

 

Əhməd Qəşəmoğlu cinayəti törətməkdə şübhəli bilinən şəxsləin belə səviyyəyə çatmasında mühitin də böyük rolu olduğunu düşünür:

 

“Buradan görünür ki, onun mühiti, ailəsi ətrafında olan şəxslər mənfi xüsusiyyətlərini nəinki blokloyub, əksinə inkişaf etdiriblər. Ona nə etsə, arxasında olduqlarının inamını veriblər. Onun mühiti arzuolunmaz olub. Digər bir problem isə şəxsin aldığı informasiyalar, kimlərlə oturub, durmasıdır. Atası, anası görəndə ki, bu adamın psixi problemi var, ona ayrıca ev, maşın alaraq özündən təcrid ediblər. Hökm deyildi, o xəstəxanada müalicə alsın. Onu elə bir mühitə, kollektivə salmaq, işlə başını qatmaq lazım idi ki, ondakı mənfi, qorxunc xüsusiyyətlər bloklansın”.


Sosioloq hesab edir ki, Əhməd Əhmədovun mənəvi dəyərlərini inkişaf etdirmək lazım idi:

 

“Çalışmaq lazım idi ki, mənəvi aləmi olan dost-tanışı ilə əhatə olunsun, mənəvi dəyərləri inkişaf etsin.
Dini dəyərlərlə də onun qəlbini almaq olardı. Stimul verərək, gözəl bədii əsərlər oxuyub, filmlərə baxa bilərdi. Ona maşın, ev almaq əvəzinə, onu mənəvi cəhətdən inkişaf etdirməyə pul xərcləmək lazım idi.  Bunların heç biri edilməyib. Qeyd etdiyim 4 amil onun ziyanına işləyib. Burada bütün günahı onun valideynlərinin üzərinə qoymaq da düzgün deyil.  Çünki valideynin özünü də marifləndirməyə ehtiyac var.  Onun üçündə ölkədə çox ciddi humanitar siyasət formalaşmalıdır.  Hər məhlədə sahə müvəkkili olduğu kimi sosial iş xidməti də olmalıdır. Əgər məhlədə sosial iş xidməti olsayı, onlar görəcəkdi ki, bu şəxsdə belə problem var. Qarşısını almaq üçün addım atacaqlardı. O zaman belə faciəvi hadisdə də yaşanmazdı.”

 


Hüquqşünas Teymur Əliyev isə bildirib ki,  baş verən cinayət hadisəsi ilə bağlı şübhələr şəxsin ruhi sağlamlıq vəziyyəti ilə bağlıdır: 

 

“Həmin şəxsin psixi vəziyyəti tam araşdırılmadan nəsə demək doğru deyil. Onun törətdiyi hərəkətlərin xüsusi amansızlıqla müşayiət olunması, hər hansı bir məntiqi açıqlamasının olmaması onu göstərir ki, həmin şəxsin ruhi vəziyyəti qaydasında olmayıb. Bütün bu sualların cavabı Məhkəmə Tibbi Ekspertizasının rəyi bildirildikdən sonra ortaya çıxacaq”.


Əhməd Əhmədovun taksi sürücüsü olması xəbəri də insanlarda narahatlıq yaradıb. "Psixi xəstə taksi fəaliyyəti ilə necə məşğul ola bilər?" sualı bir çoxlarını düşündürür.

 

Hüquqşünas, ekspert Ərşad Hüseynov Əhməd Əhmədovun taksi sürücüsü olmasında günahın kimdə olduğunu hüquq-mühafizə orqanlarının müəyyən edə biləcəyini vurğulayıb: 

 

“Mən qanunda olan proseduru açıqlaya bilərəm. Qanunla belədir ki, sürücü olmaq istəyən şəxsin sağlamlığı yerində olmalıdır. Obyektiv, onun real vəziyyətini əks etdirən tibbi arayışı təqdim etməlidir. Həmin şəxsdən birinci nəzəri imtahan götürülməlidir. Sürücülük imtahanı iki mərhələdən ibarətdir. Nəzəri imtahanı verə biləcək təfəkkürü düşüncəsi, bilikləri olmalıdır. Nəzəri imtahandan keçəndən sonra ikinci mərhələ təcrübə imtahanın verməkdir. Minik avtomobilinin sürücüsü olmaq istəyirsə, o avtomobili sürmək üçün vərdişləri olmalıdır. İmtahanda da obyektiv keçib, vəsiqə almalıdır. Prosedur belədir, bundan kənar nəsə baş verirsə, bu qanunun pozulması deməkdir. Bu hadisə də isə hüquq mühazifə orqanları necə olduğunu araşdıracaq”. 

 

Ərşad Hüseynov qeyd edib ki, qanuna görə taksi sürücüsünün sağlamlığının, hər şeyi qaydasında olduğu təsdiq edən arayışı olmalıdır.

 

"21 yaşı olmalı, ən azı iki il sürücülük təcrübəsi, avtomobili taksi kimi yararlı olmalıdır. Bütün bunlarla müraciət etməlidir. Ona buraxlış kartı verilməlidir. Hətta qanuna görə taksi sürücüsü gündə bir dəfə tibbi yoxlamadan keçməlidir”.

 

Baş Prokurorluqdan bildirilib ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

"Bu, dəhşətli hadisədir. Bu da həqiqətən bizi çox narahat edir. Düzdür, cinayət işi açılıb, şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinin səbəbləri və şəraitidir. Tərəfimdən tapşırıq verilib, bizim istintaq orqanları, prokurorluq hadisənin nə üçün baş verdiyini araşdırır", - Baş Prokuror Kamran Əliyev deyib.

 

Kamran Əliyev vurğulayıb ki, belə şəxsin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir, təhdiddir: "Bunun səbəbləri tərəfimizdən çox ciddi araşdırılacaq. Bununla bağlı biz aidiyyatı qurumlar qarşısında təkliflər hazırlayacağıq. Artıq mənim gördüyüm, hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olubdur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri