Modern.az

Jurnalistlər üçün seçki günü - “Sabah hamı iş başında olacaq!” - Redaktorlar

Jurnalistlər üçün seçki günü - “Sabah hamı iş başında olacaq!” - Redaktorlar

Media

8 Oktyabr 2013, 10:21


Sabah Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Şübhəsiz ki, seçki prosesi media nümayəndələrinin xüsusi diqqət mərkəzində olacaq. Maraqlıdır, qeyri-iş günü elan edilmiş oktyabrın 9-da mətbuat işçiləri öz vəzifələrini necə icra edəcəklər?

Modern.az saytı seçki günü ilə bağlı aparıcı KİV-lər arasında sorğu keçirib.

Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı seçkilər günündə gecə yarısına qədər işləyəcəklərini deyir. “Əməkdaşlarımız kollektiv şəkildə işdə olacaq. Seçki prosesini izləyəcək jurnalistlər seçki məntəqələrinə ezam olunacaq. Məntəqələrdən yazılar və reportajlar hazırlanacaq”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov hər seçkilər günündə redaksiyada xüsusi qərargahın formalaşdığını deyir.
“Adətən, prezident seçkiləri günü əməkdaşlarımız həm ayrı-ayrı namizədlərin seçki qərargahları ilə əlaqə saxlayır, həm də məntəqələrlə işləyirik. Doğrudur, o qədər də geniş korpusumuz yoxdur. Bakıda bölgə müxbirlərimizdən olan informasiyaları da cəmləşdirib seçki haqqında təəssürat yaratmağa çalışırıq. Bu il də çox güman ki, belə olacaq”.

Media-Forum” saytının baş redaktor müavini Hikmət Sabiroğlunun fikrincə, jurnalistlər adi iş qrafiki ilə işləməlidirlər. “Həmin gün hamı işdə olacaq. Ölkədə qeyri-iş günü olmasına baxmayaraq, biz də işləyəcəyik”. 

“Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu: “İşçilər arasında artıq iş bölgüsü aparılıb. Kimlər hansı məntəqələrdə, kim mərkəzi seçki komissiyasında olacaq, demək olar bəllidir. “Yeni Müsavat” qəzeti əvvəlki illərdə olduğu kimi bu il də tam gücü ilə işləyəcək. “Müsavat.com” saytı da fəaliyyətdə olacaq. Çalışacağıq ki, sayt vasitəsilə oxucuları dolğun məlumatlarla təmin edək”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bütün məntəqələrin səsvermə prosesini işıqlandıracaqlarını deyir. “Hamı bir nəfər kimi həmin gün işdə olacaq. Birinci seçkilər deyil, bütün seçkilərdə həmişə belə işləmişik. İş mexanizmimiz belədir ki, ölkə üzrə bütün məntəqələrin səsvermə prosesini işıqlandıraq. İstər saytımızda, istərsə də qəzetimiz üçün materiallar hazırlayacağıq. Digər seçkilərdə necə işləmişiksə, bu seçkilərdə də həmin rejimlə işləyəcəyik”.

“Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlının sözlərinə görə, seçki günü əməkdaşlar üçün daha məhsuldar gün olacaq. “Oktyabrın 9-da işdə olacağıq. Seçkini izləyəcəyik. Bütün müxbirlərimiz məntəqələrdə olacaq. Redaksiyaya daxil olan informasiyaları operativ şəkildə “Teleqraf.com” saytında da yayımlayacağıq. Bizim üçün həmin gün çox gərgin və əhəmiyyətli bir iş günü olacaq”.

“Qafqazinfo”nun redaktoru Elnur Məmmədlinin sözlərinə görə, seçkilər günü səhər saatlarından iş başında olacaqlar. “Adətən səhər saat 10-da işdə oluruq. Seçkilər günü isə səsvermə başlamamışdan iş başında olacağıq. Həmin günü fasiləsiz iş rejimində olacağıq. Bundan əvvəlki seçkilərdə də eyni qaydada işləmişik”.

“Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu da 9 oktyabrı ölkə üçün mühüm hadisə hesab edir. “Həmin gün növbətçilik mexanizmi ilə eyni qaydada işləyəcəyik. Mənə elə gəlir ki, seçki günü bütün saytlar və qəzetlər daha operativ olmalı, gücləndirilmiş iş rejimində işləməlidir. Çünki bu, ölkə miqyasında mühüm hadisədir”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi