Jurnalistikada stil çox önəmli məsələdir. Məsələn, jurnalistin imzasını oxumadan bunu kimin qələmə aldığını təxmin etmək həmin qələm sahibinin uğurudur. Deməli, o, yazdığı müddətdə nəyəsə nail ola bilib.
Gəlin bir anlıq təsəvvür edək ki, eyni gündə bir neçə telekanalın xanım əməkdaşları həyat yoldaşları ilə mübahisə ediblər və bu mübahisəni ən yaxın insanları olan anaları ilə paylaşırlar.
Məsələn, AzTV-nin xanım əməkdaşı həyat yoldaşı ilə mübahisəsini anasına nəql edir.
- Salam ana. Sabahınız xeyir! Nəzərinə çatdırıram ki, həyat yoldaşımla bir balaca mübahisə etmişik. İndi hər şey stabildir. Mübahisə zamanı o mənə bir şillə, bir yarımşillə, iki yumruq zərbəsi endirib. İtki yoxdur. Ancaq deyim ki, bu, atam evindən köçəndən indiyə kimi mənə dəyən analoqu olmayan yeganə şillədir.
Əslində nə baş verib? Həyat yoldaşı həmkarımızı əməlli-başlı qol-budaq edib.
Bəs görək, “Xəzər” televiziyasının xanım əməkdaşı oxşar hadisəni necə nəql edir?.
- Həyat yoldaşım məni niyə vurduuuu? Onun vurduğu zərbələr hədəfə dəydimiiii? Bəs mən niyə hələ də sağam? Voobşe to mən niyə ölmürəəəəmm?
- Ay bala bu nə deməkdir? De görüm nə olub?
- Ay mama, heç nə. Yoldaşımla yüngülvari mübahisə eləmişik. Bunu elə-belə anons üçün dedim ki, maraqlı alınsın. Mübahisə eləmişik, vəssalam. Dava-dalaş zad olmayıb.
ANS-in xanım əməkdaşının nəql elədikərindən.
- Salam ana. Yoldaşımın mənə qarşı haqsızlığı hələ də davam edir. İndi isə bu saata olan əsas dava-qırğın xəbərləri ilə ilə tanış olun.
- Dava eləmisiz?
-Yox, elə-belə mübahisə. Prosto əvvəlcə təqdimatı belə eləməliydim.
ATV-nin xanım əməkdaşının təqdim elədiyi mübahisə.
- ŞOK! ŞOK! ŞOK! Ərimlə aramdakı qalmaqalın səbəbkarı kimdir? Biz qalmaqalın yaranmasına səbəbkar olanları bağışlayacağıqmı? Qonşuların baş verənləri reaksiyası necə olacaq? Bu olay məhəllənin şou gündəmini dəyişəcəkmi?
- Bala indi adam dilində danış görüm, nə demək istəyirsən?
- Neyniyim e, dilim öyrəşib də. Yüngülvari söz-söhbətimiz olub, başqa heç nə.
“İdman Azərbaycan” televiziyasında əsasən kişi həmkarlarımız çalışsa da, buranın da xanım jurnalistləri var. Təsəvvür edək ki, onlardan biri mübahisəsini danışır.
- Salam ana. Ötən gecə həyat yoldaşımın mənə endirdiyi zərbədən sonra başım üç dəfə qapı tirinə dəyərək geri qayıtdı. Başımın qapıdan keçməyi üçün azacıq dəqiqlik çatışmadı. Rəqibimin ardıcıl hücumlarından sonra müdafiə xəttində boşluqlar buraxdım və bu da qolla nəticələndi.
Space-nin xanım əməkdaşı
- Şok! Şok! Şok!
- Ay qızım, bu nədir? -Heç, özümüzü “Xəzər”in aparıcılarına oxşadırıq. İndi də hadisəni belə danışmaq istədim.
- P.S. İTV və “Lider” haqda özüm yazmadım. AzTV-ni oxuyub təsəvvür edərsiniz.