ANS televiziyasında tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı verilişin efirə getməməsi qalmaqal doğurub. “Açıq söhbət” proqramının həm anonsu, həm də məzmunu dəyişdirildikdən sonra sosial şəbəkələrdə geniş müzakirələr yaranıb.
Mərhum Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev Modern.az-a baş verən hadisələri təsdiqləyib və hadisələrin hansı məcrada inkişaf etdiyini açıqlayıb. “Bununla bağlı mənə müraciət edildikdə bildirilmişdi ki, Elnarə Tofiqqızı ilə bağlı “Aznews.az” saytında araşdırmaların müəllifi verilişdə iştirak etsin. Ekspert qismində də Adil Qeybulla və Milli Onkologiya İnstitutu həkimi dəvət edilmişdi. Anonslarda da qeyd edilirdi ki, Elnarə Tofiqqızından başqa daha kimlərin həkim məsuliyyətsizliyindən öldüyünü verilişdə açıqlayacaqlar. Bu anons 4 gün getdi. Mənə deyilmişdi ki, əgər psixoloji baxımdan hazıramsa, verilişdə iştirak edim, mən isə hazır olmadığım üçün təklifdən imtina etmişdim. Sonradan bəlli oldu ki, Elçin Əlibəyli verilişin çəkilişlərini 4-cü gün əvəzinə 6-cı günə keçirib”.
A. Niftəliyev “Açıq söhbət” verilişinin bütünlüklə Elnarə Tofiqqızının ölümü üzərində qurulduğunu, amma sonradan verilişin istiqamətinin dəyişdirildiyini vurğulayıb. “Elçin Əlibəyli çox təəssüf ki, verilişin istiqamətini dəyişdirdi. Elə “Açıq söhbət” verilişinin anonsu da. Verilişə baxanda da gördük ki, “Medi Sina” klinikası və mərhum həyat yoldaşımı əməliyyatında olmuş həkimlərin adları çəkilişdən sonra qayçılanıb. Bu, açıq hiss olunurdu. Çünki Adil Qeybullanın çıxışı zamanı “Bayaq jurnalistin ailəsi ilə bağlı olan həmin həkimi deyirəm, hansı ki, adını dediniz” ifadəsi işlədilirdi. Bu istər-istəməz adamda şübhələr yaradır. Mir Şahinin yaxşı bir sözü var: “rüşvət iki adam arasında – verən və alan arasında olur və onu sübut etmək mümkün deyil.
Elçin Əlibəyliyə də bu baxımdan müəyyən şübhələr var”.
Qeyd edək ki, A.Niftəliyevlə bərabər, “publika.az” saytının rəhbəri Aynur Camalqızı ANS-də “Açıq söhbət” proqramının aparıcısı Elçin Əlibəylinin ünvanına sərt ifadələr işlədib. Sosial şəbəkədəki statusunda A.Camalqızı son günlər çox müzakirə edilən məsələyə - “Açıq söhbət” proqramında tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı mövzunun dəyişdirilməsinə etirazını bildirib.
Aytən ƏLİYEVA