Modern.az

Kamil Ermənistana ekstradisiya oluna bilər? - Hüquqşünas ŞƏRH ETDİ

Kamil Ermənistana ekstradisiya oluna bilər? - Hüquqşünas ŞƏRH ETDİ

Ölkə

21 Fevral 2024, 13:52

Düşünürəm ki, kimliyindən asılı olmayaraq heç bir Azərbaycan vətəndaşının cinayət məsuliyyətinə cəlb edilmək adı ilə Ermənistana ekstradisiyasına yol vermək olmaz. Bu dövlətimiz və cəmiyyətimiz üçün prinsipial məsələdir.


Modern.az-ın məlumatına görə, bunu tanınmış hüquqşünas Ərşad Hüseynov azərbaycanlı fitnes məşqçisi Kamil Zaynallının Moskvada Ermənistanın tələbi ilə saxlanılmasını şərh edərkən deyib

“Kamil Zeynallının Rusiya Federasiyasında Ermənistanın sorğusu əsasında saxlanılması işinə ciddi yanaşılmalıdır. Ümid edirəm ki, səfirliyimizin ciddi dəstəyi ilə qonşu dövlətin bu niyyəti – soydaşımızın Ermənistana ekstradisiyası baş tutmayacaq. Bunun üçün ciddi hüquqi və faktiki əsaslar da var”, - Ə.Hüseynov bildirib.


Hüquqşünas xatırladıb ki, yayılan məlumatlarda Ermənistanın bu sorğunu MBD dövlətləri üzrə hüquqi yardıma dair məsələləri əsas tutaraq verdiyi bildirilib.

“Söhbət yəqin ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" MDB Konvensiyasından gedir. Bu Konvensiyada şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sorğu əsasında bir-birinə verilməsi var. Belə qaydada verilmədən (ekstradisiyadan) imtina əsaları da var, amma çox ümumi və yayğın məzmunda.

Lakin Rusiya Federasiyasının (RF) məhkəmə və prokurorluq orqanları bu məsələni həll edərkən mütləq "Ekstradisiya haqqında" 1957-ci il Avropa Konvensiyasını da nəzərə almalıdırlar. Həmin Konvensiyada və Konvensiyanın ratifikasiyası haqqında RF qanununda Kamilin işini bizim üçün uğurla həll etməyə imkan verən müddəalar var. Belə ki, Konvensiyanın 3-cü maddəsinin 2-ci hissəsində deyilir ki, sorğu edilən tərəf (bu halda RF) belə hesab etməyə kifayət qədər əsası varsa ki, ekstradisiya barədə sorğu şəxsin irqi, dini, milli əqidəsinə görə təqib edilməsi və ya cəzalandırılması məqsədi ilə verilmişdir, yaxud bu səbəblərdən hər hansı birinə görə həmin şəxsin vəziyyətinə ziyan vurula bilər, bu halda həmin şəxsi sorğu edənə (bu halda Emənistana) verməməlidir.

RF ratifikasiya haqqında qanunda bir az da qabağa gedərək Kamilin xeyirinə olan bir qeyd-şərt də verib. Həmin qeyd-şərtə əsasən, RF hesab etsə ki, barəsində ekstradisiya sorğusu verilmiş şəxsin (Kamilin) sorğu edən dövlətdə (Ermənistanda) işgəncəyə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qaldığını və ya məruz qalacağını güman etmək üçün ciddi əsaslar var və ya həmin şəxsin barəsində cinayət mühakiməsi həyata keçirilərkən beynəlxalq hüquqla müəyyən edilən minimal insan hüquqları təmin edilməyəcək, onda sorğuya rədd cavabı verilməlidir. Yəni ekstradisiyası tələb edilən şəxs verilməməlidir.

Ümid edirəm ki, Rusiyada bu işə məsul olanlar Azərbaycan-Ermənistan münasibətlərini və ya ermənilərin etnik azərbaycanlılara münasibətlərini çox yaxşı bilirlər və öz qanunlarına da hörmətlə yanaşacaqlar. Onları Ermənistanda Kamili nələrin gözlədiyinə inandırmaq çətin olmayacaq.

Həm də ona ümid edirəm ki, Kamili müdafiə edəcək peşəkar hüquqşünaslar ədalətə nail ola biləcəklər.

Məlumat üçün bildirim ki, qanunvericiliyə və formalaşmış təcrübəyə əsasən, belə sorğu əsasında saxlanılan şəxs ekstradisiya məsələsi həll edilənə qədər məhkəmə qərarı ilə tutularaq saxlanılır. Yəqin Kamil də məhkəmə qərarı ilə bir müddət saxlanacaq. RF-də əcnəbilərin ekstradisiyası ilə bağlı əsas söz sahibi Baş Prokurorluqdur.

Ümid edirəm ki, məsələ müsbət həll olunacaq və Kamil Vətənə qayıdacaq”, - Ərşad Hüseynov deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi