Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısı keçiriləcək. Görüşün iyul ayında Şuşada keçirilməsi gözlənilir.
"Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm", - Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində da Türk dünyası ilə bağlı fikirlərini dilə gətirib.
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”,- deyə prezident bildirib.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri, deputat Şamil Ayrım Modern.az-a bildirib ki, cənab prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirir:
“Prezident bildirdi ki, “bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir. Prezident İlham Əliyev hər zaman türk dünyasının böyüməsi və inkişafı üçün addımlar atıb.
Buna görə də Türk Dövlətləri Təşkilatının yaranması və yeni inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycanın, dövlət başçısının fəaliyyəti xüsusilə vurğulanmalıdır. Son zamanlar müşahidə olunur ki, Türk dövlətləri arasında münasibətlər yüksələn istiqamətdə davam edir. Vətən müharibəsindən sonra bu prosesin daha da sürətləndiyinin şahidi oluruq. Bundan sonra Türk dünyasının hərbi-siyasi-iqtisadi baxımdan bir güc halına gəlməsini müşahidə edəcəyik".
Deputat qeyd edib ki, İlham Əliyev və Ərdoğan başda olmaqla bu layihənin reallaşması üçün çox işlər görülüb.
"Azərbaycan türk dünyasında ən öncül ölkələrdən biridir. Bu gün prezidentin də qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Bu gün Türk dünyasına münasibət bu ölkələrin əsas vəzifələrindən biridir. Çünki bu xalqların kökü eynidir və bütün sahələrdə bir-birinə dəstək olmalıdır. Dil, din və köklərinin eyni olması türk dövlətlərinin bir-birinə təbii tellərlə bağlı olduğunu deməyə əsas verir”, - Şamil Ayrım əlavə edib.