Sabah Azərbaycan xalqı növbəti 5 il üçün öz prezidentini seçəcək. Həmin gün jurnalistlər iş başında, müxtəlif məntəqələrdə olacaqlar. Bəs onlar səsvermədə iştirak edəcəklər?
Modern.az jurnalistlərdən səs vermədə iştirak edib-etməyəcəklərini soruşub.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev səsvermədə iştirak edə bilməyəcəyini deyib. “Təəssüf ki, sabah mən səsvermədə iştirak edə bilməyəcəyəm. Rayon qeydiyyatındayam, üstəlik, sabah bütün kollektiv üzvləri kimi işdə olacağıq”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Elman Cəfərli həmkarlarından fərqli olaraq seçkilərdə iştirak edəcək. O, 34 saylı Xətai ikinci dairəsində səs verəcək. “Hamını seçkilərə dəvət edirəm. Hamı seçkilərə getsin, səs versin, ölkənin taleyini dəyişsin”.
“Həftə içi” qəzetinin əməkdaşı Səbinə Əvəzqızı da səsvermədə iştirak edəcək. Səbinə Əvəzqızı səs verdikdən sonra işə gələcəyini bildirib.
“525-ci qəzet”in əməkdaşı Aydın Bağırov qeydiyyatda olduğu Binəqədi rayonunda səs verəcək.
“Modern.az”ın əməkdaşı Əziz Rzazadə isə səsvermədə iştirak etməyəcək. O, Bakı qeydiyyatındadır. Lakin səsvermədə iştirak etmək istəməməyinin səbəbini belə izah edib: “Bütün seçki sistemi və prosesinə etiraz əlaməti olaraq sabah səsvermədə iştirak etməyəcəyəm”.
“Yeni Musavat” qəzetinin əməkdaşı Azər Ayxan da səsvermədə iştirak edəcək. O, 34 saylı Xətai ikinci seçki dairəsinin 86 saylı məntəqəsində səs verəcək.
“APA”nın əməkdaşı Könül Kamilqızı da qeydiyyatda olduğu Xətai rayonu ərazisində səs verəcək.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Yaşım 18-i keçdikdən sonra Azərbaycanda keçirilən bütün parlament və prezident seçkilərində, referendumlarda iştirak etmişəm. Allah qoysa, sabah keçiriləcək prezident seçkilərinə də qatılacağam. Rayon qeydiyyatında olmağıma baxmayaraq, sabah Bakıda səs verəcəyəm. Bunun üçün qeydiyyatda olduğum seçki məntəqəsindən "Qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi" də almışam. Bu vəsiqə ilə Azərbaycanın istənilən bir seçki məntəqəsində səs vermək olar. Ona görə sabah qarşıma çıxan istənilən seçki məntəqəsinə daxil olub səsvermə hüququmdan istifadə edəcəyəm”.
“Qaynar.info”nun əməkdaşı Elkin Xəlilov da sabah Sumqayıt şəhər 8 saylı seçki məntəqəsində səs verəcək.
“Gün.az”ın əməkdaşı Kamil Həmzəoğlu isə sabah səs vermədə iştirak etməyəcək. “Çünki rayonda qeydiyyatdayam, işlə əlaqədar olaraq gedə və səs verə bilməyəcəyəm. Bütün günümü işdə-seçki məntəqələrində, səsvermədən sonra başlayacaq mətbuat konfranslarında keçirəcəyəm. Ola bilsin ki, gecəni də işdə qalım, evə-Qobuya getməyim”.
“Mediaforum”un əməkdaşı İmdad Əlizadə isə səsvermədə iştirak edəcək. O, 121 saylı Laçın seçki dairəsinin 3 saylı məntəqəsində səs verəcək.
Aytən ƏLİYEVA